Antiterror tədbirləri zamanı şəhid olan tankçı Samir Məmmədov dəfn edildi
29 sentyabr 2023 | 12:11
19.09.2023-cü il tarixdə Azərbaycan Ordusunun başlatdığı antiterror tədbirləri zamanı şəhid olan Məmmədov Samir Aqil oğlu Ağcabədi Şəhidlər Xiyabanında dəfn edildi.
Dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, Xocalı və Ağcabədi rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak etdilər.
Məmmədov Samir Aqil oğlu 2000-ci ilin may ayının 20-də Naftalan şəhərində anadan olmuşdur. Əslən Ağcabədi rayonunun cəsur oğulların doğulduğu Yuxarı Qiyamaddınlı kəndindəndir. Ata-babası Xocalıda yaşayıb.
Samir Məmmədov birinci sinfə 2006-cı ildə Ağdam rayonunun Ergi kəndində gedib. Sonradan ailəsi Goranboy rayonunda məcburi köçkünlər üçün salınmış Yuxarı Ağcakənd qəsəbəsinə köçüb. 2017-ci ildə Xocalı şəhər 5 saylı tam orta məktəbindən məzun olub.
Vətəni özünə ikinci Ana bilən Samir uşaqlıq çağlarından Qarabağın azadlığını görməyi özünə təsəlli sayırdı. Orta məktəbi bitirdikdən sonra, 2018-ci ilin iyul ayından 2020-ci ilin yanvar ayına qədər Füzuli rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə nümunəvi xidmət edən Samir Ali Baş Komandanımızın döyüş əmrini səbirsizliklə gözləyirdi.
Samir Məmmədov 2020-ci ilin aprel ayından müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilib. Sentyabrın 27-də başlayan Vətən müharibəsində tankçı kimi iştirak edib. Onun döyüş yolu Talış, Suqovuşan kəndləri və Ağdərə istiqamətində olub. Müddətdən artıq həqiqi hərbi xidmətə bir neçə aydır başlamasına baxmayaraq, cəsur döyüşçümüz öz hünəri ilə fərqlənib. Şanlı zəfər tarixinə adını yazdıran Samir Məmmədovun idarə etdiyi tank üç dəfə vurulsa da, ona verilən döyüş tapşırığını sona qədər yerinə yetirib. Artıq tankının idarə edilməsinin mümkün olmadığını görən qorxmaz döyüşçü avtomatı əlinə alaraq irəli atılıb. Samir Məmmədov 44 günlük haqq savaşımızda xidmətlərinə görə cənab Prezidentin müvafiq Sərəncamına əsasən, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilib.
Samir qabaqda torpaqlarımızın suverenliyi uğrunda hələ bir döyüşünün də olduğunu bilirdi. Çünki Xocalı soyqırımında şəhid olan atasının bibisi qızı, bibisinin iki nəvəsinin ruhları Xocalının düşmən tapdağından tamamilə təmizlənməsi ilə rahatlıq tapacaqdı. Onun döyüş yolunun əsas qayələrindən biri döyüş meydanında Xocalı qisasını almaq idi. Samir sentyabrın 19-da başlanan antiterror tədbirlərini onun qisas arzusunun həyata keçməsi üçün bir imkan sayırdı. Qalib ordunun qalib əsgəri daha bir döyüşdən zəfərlə çıxmaq üçün budəfəki döyüş tapşırığını da layiqincə yerinə yetirməyə hazır idi. Hədəf, amal bəlli idi: terrorçuları torpaqlarımızdan təmizləmək, bayrağımızı azad torpaqlarımızda dalğalandırmaq və suverenliyimizi bərpa etmək.
Antiterror tədbirlərində Samir Məmmədovun döyüş yolu Ağdərə döyüşləri ilə başladı. İgid tankçımız verilən tapşırıqları məharətlə yerinə yetirərək terrorçulara sarsıdıcı zərbələr endirdi. Pusquda dayanan mənfur düşmənin atdığı tank əleyhinə raketlə Samirin döyüş apardığı tank partladılaraq yandırıldı. O, digər tankçı yoldaşları ilə birlikdə şəhidlik zirvəsinə ucaldı. Sentyabrın 29-u DNT analizinin cavabına əsasən, şəhidimizin cənazəsi son mənzilə salınması üçün Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşadığı evə gətirildi. Şəhid Samir Məmmədov izdihamla Vətən müharibəsində şəhid olan bibisi nəvəsi Miriyev Sənan Arif oğlunun torpağa tapşırıldığı Ağcabədi Şəhidlər Xiyabanında dəfn edildi.
Samir Məmmədovun və digər şəhidlərimizin qisası düşməndən döyüş meydanında alındı. Şəhidimizin bibisinin nəvəsi Miriyev Surət Vəli oğlu Vətən müharibəsində olduğu kimi, antiterror tədbirlərində də qəhrəmancasına döyüşərək yaralandı. Onların amalı, arzusu qəhrəman əsgər və zabitlərimiz tərəfindən layiqincə yerinə yetirildi. 24 saat tamam olmamış düşmən diz çökərək ağ bayraq qaldırdı. Bununla da Qarabağda suverenliyimiz bərpa olundu.
Qəhrəmanlıq salnamələrində adı cəsur tankçı kimi tarixə yazılan Samir Məmmədov xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Məkanı cənnət olsun!