Şriftin ölçüsü :

Saytın rəngi :

Arzularımızı gerçəyə çevirən, bizi Xocalımıza qovuşduran Qalib Sərkərdəmizə dərin ehtiramla...

26 fevral 2024 | 12:15
     Bu dəfə yollar 32 illik həsrətin sonuna, acılarımızın başladığı və bitdiyi yerə aparırdı. Bizi – 32 il əzizlərinin, ata-anasının, bacı-qardaşının, körpə balasının faciəsini “Ana harayı”nın daşıdığı anlamın ağırlığından soyqırım gecəsi kimi buza dönmüş daşına sarılmaqla anmış Xocalı sakinlərinin hər birini ən böyük arzumuzun reallığa çevrilməsinin həyəcanı bürümüşdü. Bu böyük günün gələcəyinə ümidimiz heç zaman ölməyib, inamımızı heç zaman itirməmişik, ancaq vüsala çatmaq anının həyəcanı tamam fərqli olur. Odur ki, Xocalı rayon ictimaiyyətinin bir qrup nümayəndəsini Vətən içində Vətənə aparan avtobusda mistik bir yaxınlıq hakim idi. Yolun hər qarışı hər kəsi daha da doğmalaşdırır, birləşdirirdi. Bu dəfə yolboyu hisslərini bölüşən təkcə müəllim, Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi qazisi, həkim, jurnalist, yazıçı, şair, idmançı deyil, həm də əzəli və əbədi yurda qayıtmağın xoşbəxtliyini yaşayan sadə xocalılılar idi. Üzlərdə soyqırım qurbanlarının əziz xatirəsinə ehtiramın nişanəsi olan kədərlə azad Xocalıya ilk qayıdışın sevinci bir-birini əvəzləyir, dillərdə şükür duaları səslənirdi. Şükür edirdik ki, daha müqəddəs şəhidlərimizin ruhları dinclik tapıb, şaddır...
       Hər zaman hər birimizin Prezidenti!
    Səfər həyəcanımızı artıran, doğma Xocalıya qovuşmaq sevincimizə sevinc qatan bir məqam da var idi. Elə bir məqam ki, bu bir qrup Xocalı sakininin yaddaşında əbədi və ən xoş xatirə kimi qalacaq! Çünki hər bir azərbaycanlının, hər bir xocalılının Prezidenti, böyük qələbələrimizin memarı, bizə Qarabağımızı yenidən qaytarmış Müzəffər Ali Baş Komandanımız İlham Əliyev 32 ildən sonranın 26 fevralında da həmişəki kimi bizimlə birgə idi! Şəhidlərimizin xatirəsini andı, kədərimizə də, sevincimizə də şərik oldu. Qalib Sərkərdəmiz rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə yenidən qurulan, abadlaşan Xocalının küçələrində görülən işlərlə tanış oldu, bizimlə səmimi söhbət etdi və bu il Xocalıya, Xankəndiyə, ümumilkdə 20 yaşayış məntəqəsinə Böyük Qayıdışın müjdəsini verdi. Bu, həm də ötən əsrin 90-cı illərinin əvvəllərində ermənilərin dünyanın gözü qarşısında törətdikləri qanlı cinayəti ədalətsizliklə, vicdansızlıqla inkar edən, bu soyqırım ört-basdır olunsun, Ermənistan məsuliyyətə cəlb edilməsin deyə həmin vaxt və bu gün işğalçının, qatillərin arxasında duran eyni qüvvələrə, eyni ölkələrə göndərilmiş anlamlı bir mesaj idi.
       300 il də keçsə...
    Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Xocalıda, yenidən inşa edilən Əsgəran-Xocalı yolunun üstündəki mənzərəli bir məkanda Memorial Kompleksin təməlini qoyan dövlətimizin başçısı öz çıxışında yenidən bütün dünyaya bəyan etdi ki, biz ermənilərin törətdikləri vəhşilikləri, onların insanlığa sığmayan cinayətlərini heç zaman unutmayacağıq. Çünki o qanlı soyqırımdan bəhs edən foto və video sənədləri qəzəbsiz izləmək mümkün deyil, 30 il yox, 300 il keçsə də bu qəzəb bizi buraxmayacaq. Ancaq biz tarixi ədaləti bərpa etmişik, günahsız Xocalı qurbanlarının qisası, onların qanı döyüş meydanında alınıb. Özü də beynəlxalq humanitar hüquqa uyğun olaraq. Çünki biz ermənilərdən fərqli olaraq heç zaman dinc insanlarla mübarizə, müharibə aparmamışıq. Biz övladları haqq işi uğrunda, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda ölümün üstünə yeriyən böyük, müdrik bir xalqıq.
     Yeri gəlmişkən, Prezident İlham Əliyevin çıxışından məlum oldu ki, Xocalı qurbanlarına həsr olunmuş Memorial Kompleksin layihəsi çoxdan hazır imiş. Ancaq onun Bakı şəhərində tikintisi hər il təxirə salınıb. Çünki Azərbaycan xalqı, o cümlədən biz xocalılılar Qarabağın, Xocalının işğaldan azad ediləcəyinə inanırdıq, Müzəffər Ali Baş Komandanımız isə bunu reallaşdırmaq üçün qətiyyətlə, sarsılmaz iradə ilə çalışırdı. Bilirdi ki, biz Xocalıya qayıdacağıq, bu kompleksin təməlini məhz burada qoyacaq.
     Memorial Kompleksin yerləşəcəyi yerdən 1992-ci ildə ermənilərin Xocalının dinc sakinlərinə qarşı kütləvi soyqırımı törətdikləri ərazilər görünür. Bu isə o deməkdir ki, gələcək nəsillər də hər dəfə kompleksi ziyarət edəndə hər qarışı şəhid qanı ilə yoğrulmuş o müqəddəs yerlərimizi də tanıyacaq, yaddaşlarında əbədi saxlayacaqlar.
       Xocalı sevinir...
     2024-cü ilin 26 fevral tarixində Xocalıda baharın təravəti bir gün sonra qeyd edəcəyimiz ilk müjdəçisindən – Su çərşənbəsindən daha tez duyulurdu. Xocalıda bahar günəşi, azadlıq günəşi parlayırdı! 32 ildən sonra doğmalarını, əsl sahiblərini qarşılayan şəhər sonsuz sevincini gizlətmirdi.
    Mənfur düşmən soyqırımı törətdiyi, doğma torpaqlarından didərgin saldığı xocalılıların evlərinə separatçıları və xarici ölkələrdən olan erməniləri yerləşdirmişdi, əzəli yurdumuzun tarixi adını dəyişdirməyə çalışmışdılar. Ancaq sentyabrın 20-də suverenliyimizi tam bərpa etdikdən sonra Azərbaycan Prezidenti dərhal ilk növbədə Xocalıda evlərin bərpa edilməsi ilə bağlı göstəriş verdi. Cəmi beş ay sonra artıq böyük tikinti meydançasını xatırladan Xocalının hər yerində şər üzərində qalib gəlmiş ədalətin mübarizəsinin nəticəsi kimi yeni tikilən, bərpa edilən yaraşıqlı yaşayış evləri, yollar, inzibati binalar şəhərin tezliklə yeni simasına qovuşacağından xəbər verir. Küçələri ilə addımladıqca Böyük Qayıdış günümüzün çox da uzaq olmadığına bir daha əmin olduq. Əmin olduq ki, 32 ildən sonra ilk dəfə addımladığımız Xocalı küçələrində bizimlə birgə olan Müzəffər Ali Baş Komandanımız ən yaxın zamanda əbədi yaşamaq üçün doğma şəhərinə dönən ilk sakinlərə öz xeyir-duasını verəcək!
        Hamımızın ürəyimizdən keçənlər!
    Bizi Xocalıya qaytardığınız, ən böyük arzumuzun reallaşdığı gün yanımızda olduğunuz, hisslərimizə şərik çıxdığınız, Xocalı ictimaiyyətinin nümayəndələrinə Xankəndini ziyarət etmək imkanı yaratdığınız üçün Sizə sonsuz minnətdarıq cənab Prezident!
     Səmimiyyətinizlə, sadəliyinizlə bizim üçün daha da doğma, daha da əzizsiniz! Var olun, Tanrı Sizi qorusun!
Keçidlər