Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan qadını ən yüksək mənəvi keyfiyyətlərin daşıyıcısıdır

07 mart 2023 | 13:05
     Martın 7-də xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Xocalı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Xocalı rayon Həmkarlar İttifaqının, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xocalı rayon komitəsinin, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Xocalı rayon Komitəsinin birgə dəstəyi ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri təşkil edildi. 
     Tədbirdə Xocalı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri ilə birgə, şəhid anaları, şəhidlərin həyat yoldaşları, eləcə də rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar iştirak etdilər. 
     Əvvəlcə Dövlət Himni səsləndirildi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
     Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva tədbiri giriş sözü ilə açaraq qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən bəhs etdi. Bildirdi ki, milli-əxlaqi dəyərlərimizin, adət-ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan və qüdrətli bir dövlətə çevirmək yolunda əlindən gələni əsirgəmirlər. 
     Lamiyə Qarayeva qeyd etdi ki, Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan qadınına həmişə yüksək qiymət verib, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
     Sonra “Xocalı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Aqil Məmmədov, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Xocalı rayon Həmkarlar İttifaqı Komitəsinin sədri  Yaşar Salahov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərini çatdırdılar. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda edən oğulları böyüdən analarımızın qarşısında həmişə borclu olduğumuzu bildirdilər. Qarabağ torpaqlarının azad olunmasında və məğrur xalqımıza hüdudsuz zəfər sevincinin yaşadılmasında məhz analarımızın tərbiyə etdiyi vətənpərvər oğulların müstəsna payı olduğunu vurğuladılar. Bir daha analarımızın, bacılarımızın gözüyaşlı olmamasını, xalqımıza xoş günlər, firavanlıq arzuladılar. 
     Tədbirdə şəhid analarına, şəhidlərimizin həyat yoldaşlarına, eləcə də rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınların bir qrupuna Xocalı Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və xatirə hədiyyələri təqdim olundu.
     Bayram tədbiri yerli incəsənət nümayəndələrinin ifasında konsert proqramı ilə davam etdirildi.
Keçidlər