Bakıda Azərbaycan Qadınlarının VI Qurultayı keçirilib
19 oktyabr 2023 | 15:04
Oktyabrın 19-da Bakıda Azərbaycan Qadınlarının VI Qurultayı keçirilib.
Tədbirdən əvvəl Qurultay iştirakçıları Fəxri xiyabanı ziyarət edərək, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub və gül dəstələri düzüblər.
Qurultay ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda, müstəqil Azərbaycanın ilk Qadın Qurultayının 25 illiyi münasibətilə təşkil edilib. Tədbirdə paytaxt və bölgələrdən 600-ə yaxın qadın iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.
Daha sonra “Heydər Əliyev və dövlət qadın siyasəti” mövzusunda videoçarx nümayiş etdirilib.
Sonda Azərbaycan Qadınlarının VI Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.
Qurultayda Xocalı rayonunu Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humaitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, tanınmış jurnalist Səriyyə Cəfərova və Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova təmsil etmişlər.