Şriftin ölçüsü :

Saytın rəngi :

“Erkən nikahlar və onlara qarşı mübarizə üsulları” mövzusunda tədbir keçirildi.

24 yanvar 2025 | 15:10
     24.01.2025-ci il tarixdə Xocalı rayon 5 saylı tam orta məktəbdə “Erkən nikahlar və onlara qarşı mübarizə üsulları” mövzusunda tədbir keçirildi.
     Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin, rayon polis şöbəsinin, rayon təhsil şöbəsinin, rayon mərkəzi xəstəxanasının məsul şəxsləri, IX,X, XI sinif şagirdləri və valideynlər iştirak etdilər.
    Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva və digər natiqlər erkən nikahların gənclərə və cəmiyyətimizə mənfi təsirindən danışdılar. Qeyd olundu ki, erkən nikah yaxud uşaq nikahları 18 yaşından az olan uşaqların fiziki, mənəvi və psixoloji cəhətdən evliliyə və uşaq sahibi olmaq məsuliyyətini daşımağa hazır olmadan bağlanan nikahlardır. Bu yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyən olunmuş son həddir.        
      Azərbaycan Respublikasının Ailə Məcəlləsində beynəlxalq qanunvericiliyə uyğun olaraq son yaş həddi kimi 18 yaş müəyyən edilmişdir.
    Çıxışlarda həmçinin vurğulandı ki, erkən nikahlar fərdin psixi mənəvi və bioloji cəhətdən inkişafına təsir edən, təhsildən yayındıran, sosiallaşmasına mane olan önəmli faktordur. Erkən nikahlar həm mənəvi-psixoloji, həm də fiziki cəhətdən uşaqların gələcək həyatlarına mənfi təsir edir. Erkən nikahın fəsadları ilə tez tez rastlaşırıq. Erkən nikahların problem yaratmasının səbəblərindən biri də yeniyetməlik dövrünə təsədüf etməsidir. Həmin dövr uşaqların fiziki, psixoloji, bioloji və sosiallasma cəhətdən sürətli inkişaf dövrüdür. İnsan həyatının ikinci böyümə və inkişaf etmə dönəmi olan həmin zaman aralığı şəxsiyyətin formalaşması zamanıdır, ona görə də çox vaxt yeniyetmələrin fərdi xüsusiyyətlərində balans pozulur. Yeniyetməlik dövründə nikaha daxil olmaq, ailə qurmaq, uşaq sahibi olmaq uyğun dönəm hesab edilmir. Dolayısıyla ictimai inkişafını tamamlamamış olan bu yaşlardakı uşaqların evləndirilməsi uşaqlarda tam formalaşmamış fərdi keyfiyyətlərində problemə səbəb olur. Nikahdan sonra cəmiyyətdən təcrid olunma, ictimai fəaliyyətdən uzaqlaşma, özgüvən probleminin yaranması həmin uşaqları sadəcə daxil olduğu ailə çevrəsi ilə məhdudlaşdırır.
Keçidlər