“İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilmişdir.
13 iyun 2024 | 11:40
13 iyun 2024-cü il tarixdə Xocalı rayon Mədəniyyət Evində Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilmişdir. Tədbir “İnsan hüquqları” adlı videoroliklə başlamışdır. Videorolikdə insan hüquqları haqqında informativ məlumat verilmişdir.
Tədbirdə çıxış edən Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunduğunu və hər il Ombudsmanın təşəbbüsü ilə respublikamızda “İnsan Hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlərin keçirildiyini vurğuladı. Lamiyə Qarayeva insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu və dövlətin hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Natiq qeyd etdi ki, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk Konstitusiyamız Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyuldu.
Çıxış edən digər natiqlər bildirdilər ki, əsas insan hüquq və azadlıqları Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının qorunması və vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra inkişaf etməyə başladı. Ulu Öndərin rəhbərliyi ilə 1995-ci ilin 12 noyabrında qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqları ilə bağlı müddəalar təsbit olunmuşdur.
Sonda insan hüquqlarından bəhs edən video-rolik nümayiş olundu.