İtkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərimiz dəfn edildilər.
11 iyul 2024 | 09:57
Xocalı mühasirədə idi. Kömək gözləyirdi. Səriştəsiz hakimiyyətdən, kömək edə biləcək hər kəsdən. Gözlədi, gözlədi... qana qərq oldu, odda yandı, meşədə dondu, ancaq kömək əli gəlmədi. Kəsdilər ona uzanan qardaş qollarının qarşısını. Səsi, harayı eşidilmədi. Xocalı ağır texnikalarla silahlanmış düşmənlərin əhatəsində tək qaldı. Hər tərəfdən quduz kimi üstünə hücum çəkdilər. Sağ qalan xocalılar Ağdam Cümə Məscidinin qarşısında yaxınlarından xəbər gözlədilər. Bəzilərinin gözləri hələ də yoldadır.
Xocalı şəhid oldu, əsir qaldı, didərgin düşdü, sabaha ümidsiz halda nicat axtardı. O nicatı, o ümidi, sabaha inamı Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında gördü. Öz istəyində, amalında yanılmamışdı xocalılar. Ümummilli lider Heydər Əliyev sarsılmış, müsibətlər görmüş xocalıların ümidsizlikdən qaralan gözlərinə işıq oldu. Mənəvi qayğısını, dəstəyini göstərdi. Xoş gələcəyə inandırdı. Bu, elə bir inam idi ki, Xocalı soyqırımından Xocalı zəfərinə qədər xalqa mübarizlik əzmi verdi. Ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin xalqla ordunu bir ruhda, bir amalda, bir döyüş meydanında birləşdirən dəmir yumruğu, qəhrəman şəhidlərimizin qanı-canı bahasına, igid oğullarımızın hünəri sayəsində düşmənə yaddaşından əsrlərlə silinməyəcək dərs verdik. İnildəyən torpaqlarımızı düşmənin tapdağından, narahat ruhları murdar nəfəslərindən təmizlədik.
Haqqı, ədaləti öz səbrimiz, səbrimizlə artan gücümüz sayəsində bərpa etdik. Bu müddətdə xalq böyük zəfəri, qayıdışı gözlədi. Nəhayət, Xocalının da qisas və qayıdış günü yetişdi. Ancaq 30 ildir qayıdışı gözləyən tək biz deyildik. Doğmaları, yaxınları itkin düşən insanlar arasında həm də gözləri ümidlə yolda qalanlar var idi. Nigaran ruhlar da doğmalarının qayıdışını, nəfəsini gözləyirdi.
Haqqı, ədaləti öz səbrimiz, səbrimizlə artan gücümüz sayəsində bərpa etdik. Bu müddətdə xalq böyük zəfəri, qayıdışı gözlədi. Nəhayət, Xocalının da qisas və qayıdış günü yetişdi. Ancaq 30 ildir qayıdışı gözləyən tək biz deyildik. Doğmaları, yaxınları itkin düşən insanlar arasında həm də gözləri ümidlə yolda qalanlar var idi. Nigaran ruhlar da doğmalarının qayıdışını, nəfəsini gözləyirdi.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, növbəti dəfə itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərimiz - Məmişov Şahin Talış oğlu, Paşayev Ələddin Bəhlul oğlu, Qarayev Yusifəli Süleyman oğlu, Şahmuradov Nemət Musa oğlu və Usubov Zakir Kamran oğlu 11.07.2024-cü il tarixdə Xocalı şəhəri Şəhidlər Xiyabanında dəfn edildi.
Qəribədir ki, itkin düşmüş, əsir götürülmüş yaxınlarının tapılan qalıqlarına görə şəhid ailələri bir-birinə göz aydınlığı verir. Axı onların artıq şəhidini ağlayacaq məzarı var. Bu günümüzə şükür edirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun.