Şriftin ölçüsü :

Saytın rəngi :

"Məişət zorakılığı dövlətimizin və cəmiyyətimizin ortaq problemi" mövzusunda tədbir keçirildi

25 may 2022 | 14:29
     25.05.2022-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Məişət zorakılığı dövlətimizin və cəmiyyətimizin ortaq problemi" mövzusunda tədbir keçirildi. Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, rayon icra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Lamiyə Qarayeva, rayonumuzun idarə, müəssisə rəhbərləri, idarə, müəssisələrdə çalışan qadınlar, yuxarı sinifdə təhsil alan məktəblilərin valideynləri, məktəb direktorları və psixoloqlar iştirak etdilər. 
     Tədbiri giriş sözü ilə açan Lamiyə Qarayeva mövzunun vacibliyinə diqqətə çatıdıraraq qeyd etdi ki, məişət zorakılığının tərkib hissələrindən biri də erkən nikahlardır. Erkən nikaha məruz qalan qızlar ailə həyatı qurmadan əvvəl ata-anaları, qardaşları tərəfindən zorakılığa məruz qalırlar. Təəssüf ki, onların sonrakı taleyi də acınacaqlı olur. Belə ki, ailə-məişət zəminində həyat yoldaşı və həyat yoldaşının yaxınları tərəfindən şiddət görürlər. Bu da onların faciəli taleyinə, boşanmalarına səbəb olur.
     Lamiyə Qarayeva vurğuladı ki, ölkəmizdə "Məişət zorakılığı haqqında qanun" məhz bu cür problemlərin aradan qaldırılması üçün imzalanmışdır. Bu qanunda məişət zorakılığına məruz qalan şəxslərə hüquqi-psixoloji yardımın göstərilməsi, onların sığınacaqlara yerləşdirilməsi, sosial reabilitasiyası və digər problemlərin aradan qaldırılması məsələləri yer alıb. 
     Lamiyə Qarayeva məişət zorakılığının cəmiyyətimizə göstərdiyi təsirlərdən danışaraq daima məişət zorakılığı yaşanan ailədə böyüyən uşaqların yetərincə qayğı və sevgi görmədiklərini, onlarda özlərinə qapanma, utancaqlıq, dərslərində geriləmələr müşahidə olunduğunu və təlim-tərbiyələrində ciddi çatışmazlıqlar yarandığını dedi. Belə mühitdə böyüyən uşaqlar da gələcəkdə öz ailələrində zorakı partnyor, ata və qohum olmağa meyilli olurlar. Ruhi və fiziki sağlamlığında qüsurlar olan, eləcə də ölkənin sosial həyatında aktiv iştirakçılığını təmin edəcək təlim-tərbiyəsi düzgün aparılmamış uşaqlar cəmiyyətin inkişafında əhəmiyyətli rol oynaya bilmir.
     Mühafizə orderi haqqında məlumat verən Lamiyə Qarayeva, bu orderlərin məişət zorakılığı törətmiş şəxsin zərərçəkmişə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında akt olduğunu bildirdi. 
     Zərərçəkmiş müraciət etdikdən sonra 24 saat ərzində zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərərçəkmişə 30 gün müddətinədək qısamüddətli mühafizə orderi verir.
     Qısamüddətli mühafizə orderində zorakılığı törətmiş şəxsə bunun təkrar törədilməsi, zərərçəkmişin axtarılması, şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi qadağan edilə bilər.
     Zorakılıq törədənin xəbərdarlıq və ya qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməməsi uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsasdır.
     Uzunmüddətli mühafizə orderində isə zorakılıq törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqlarla ünsiyyət qaydaları, yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydaları, zərərçəkmişə tibbi və hüquqi yardım göstərilməsi ilə bağlı xərclərin zorakılıq törədən tərəfindən ödənilməsi şərtləri qeyd olunur. Həmçinin, mühafizə orderinin tələblərini icra etməyən şəxsin qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunması da izah edilir.
     Qısamüddətli orderi əldə etmək üçün zərərçəkmiş icra hakimiyyətinə müraciət etməlidir. Belə müraciətləri hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yerlərdə də fəaliyyət göstərən monitorinq qrupu araşdırır.
     Mülki Prosessual Məcəlləsinin 355-1-ci maddəsinə əsasən, uzunmüddətli mühafizə orderini əldə etmək üçün zərərçəkmiş yaşadığı yerin məhkəməsinə müraciət edə bilər. Ərizə verildikdən 3 gün ərzində məhkəmə həmin müraciətə baxır. Uzunmüddətli mühafizə orderi 30-180 gün müddətinə verilir. Bu orderin verilməsi barədə işə şəxsi və ailə sirrinin yayılmasının qarşısını almaq və uşaqların maraqlarının təmin edilməsi üçün qapalı məhkəmə iclasında baxıla bilər.
     Xocalı rayon Kosalar kənd tam orta məktəbin psixoloqu Vəsilə Quliyeva məruzə ilə çıxış edərək azyaşlıların təhsildən yayınaraq nikaha cəlb olunması hallarının onların təhsilinə, gələcəyinə vurduğu zərərlərdən danışdı. Vəsilə Quliyeva bildirdi ki, Xocalı rayon ümüumtəhsil məktəblərində belə hallarla mübarizə məqsədilə mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilir, valideynlər və şagirdlərlə söhbətlər aparılır. Çalışdığım məktəbdə də erkən nikah halları baş verməyib.
     Sonra Xocalı rayon Təhsil Şöbəsinin əməkdaşı Xəyyam Cəfərov erkən nikahın aradan qaldırılması istiqamətində rayonunumuzun aidiyyəti idarə və təşkilatlarının birgə apardığı maarifləndirici tədbirlərdən danışdı. Qeyd etdi ki, görülən tədbirlərin müsbət nəticəsidir ki, rayonumuzda erkən nikah halları yoxdur. 
     "Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Aqil Məmmədov erkən nikaha daxil olmağın qızların psixologiyasına, sağlamlığına göstərdiyi mənfi təsirlərindən geniş söhbət açdı. Bildirdi ki, erkən yaşda nikaha daxil olan qızlar nə fiziki, nə də psixoloji cəhətdən sağlam olmur. Belə hallarda orqanizm doğuşa hazır olmadığı üçün doğulan uşaqlar da fiziki cəhətdən qüsurlu olur və doğuş zamanı ana ölümləri baş verir. Erkən nikah səbəbindən övladı olan analarda məsuliyyət hissindən stress və gərginlik yaranır.  
     Daha sonra Xocalı RPŞ-nin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru Tural Xəlilov "Məişət zorakılığı törətmiş şəxslərin inzibati və cinayət məsuliyyətinə cəlb olunması" mövzusunda məruzə ilə çıxış etdi. Məruzəsində bildirdi ki, Azərbaycanda 2010-cu ildə qəbul edilmiş "Məşiət zorakılığının qarşısının alınması haqqında" qanunda ailədaxili münaqişələri “yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, şəxslərdən birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması” kimi qiymətləndirir. Qanundan da göründüyü kimi, məişət zorakılığının qurbanları təkcə qadınlar və uşaqlar deyil, eyni zamanda kişilər də ola bilər. Məişət zorakılığına məruz qalan şəxslərin xəsarətinin dərəcəsindən asılı olaraq, qarşı tərəf cinayət və ya inzibati məsuliyyətə cəlb edilir.
     Sonda "Susma" adlı qadın zorakılığına qarşı hazırlanmış sosial çarx nümayiş edildi.  
 
Keçidlər