“Narkomaniyaya qarşı mübarizə” və “Erkən nikahların qarşısının alınması” mövzusunda maarifləndirici görüş keçirildi
22 dekabr 2023 | 10:49
22.12.2023-cü il tarixdə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı Rayon Mədəniyyət Evində “Narkomaniyaya qarşı mübarizə” və “Erkən nikahların qarşısının alınması” mövzusu ətrafında rayon ziyalıları və rayon ictimaiyyətinin bir qrup nümayəndələri ilə maarifləndirici görüş keçirildi.
Görüşdə narkomaniyanın törətdiyi ağır fəsadlara və erkən nikahın mənfi nəticələrinə aid videoçarx nümayiş etdirildi.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva və digər natiqlər “Narkomaniyaya qarşı mübarizə” və “Erkən nikahların qarşısının alınması” mövzusunda ətraflı məlumat verdilər. Bildirildi ki, bəşəriyyət üçün ən təhlükəli bəla olan narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədi ilə BMT iyunun 26-nı "Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü" elan edib. Məhz həmin gün narkomaniya ilə mübarizə ilə bağlı atılan addımların hesabatı kimi dəyərləndirilir. Azərbaycan narkomaniyanın yer kürəsində yayılmasının qarşısının alınmasına dair BMT-nin üç konvensiyası ətrafında dünya ölkələri ilə sıx əməkdaşlıq şəraitində mübarizədə öz köməyini əsirgəmir.
Tədbirdə həmçinin erkən nikahların qarşısının alınmasına dair müzakirələr aparıldı. Vurğulandı ki, qız övladlarının məktəbdən yayındırılaraq erkən nikaha cəlb edilməsi probleminin həlli istiqamətində əlaqədar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi qaçılmazdır. Bu prosesdə iştirak edən valideynlər də, əlaqədar şəxslər də özlərində məsuliyyət hiss etməli və hüququn aliliyindən kənarda qalmamalıdırlar.