Nəsirovlar ailəsinə həsr edilmiş “Müharibə-bir ailənin sorağında...” adlı sənədli filmin nümayişi oldu
25 oktyabr 2022 | 09:17
Oktyabrın 25-də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müharibə-bir ailənin sorağında...” adlı sənədli filmin nümayişi oldu.
Vətənimizin bütövlüyü uğrunda Birinci Qarabağ savaşında və İkinci Qarabağ müharibəsində döyüşlərdə fərqlənən Xankəndi şəhərindən olan Nəsirovlar ailəsinə həsr edilmiş sənədli filmi Xocalı rayon İHB-nın müavini Lamiyə Qarayeva, rayon icra hakimiyyəti aparatının məsul işçiləri, Vətən müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri, Vətən müharibəsi şəhidi Xəqani Nəsirovun ailə üzvləri və yaxınları izlədilər.
Tədbirdə Lamiyə Qarayeva çıxış edərək belə sənədli filmlərin ərsəyə gəlməsinin əhəmiyyətindən danışdı. Bildirdi ki, bu sənədli film Birinci Qarabağ müharibəsində və 44 günlük Vətən müharibəsində şəhidlər vermiş bir ailədə olan igid oğulların həyat və döyüş yolundan bəhs edir. Lamiyə Qarayeva qeyd etdi ki, erməni separatçılarının cinayətləri nəticəsində Xankəndi şəhərindən məcburən Xocalıya pənah aparan ailə Xocalı soyqırımına şahidlik edib, həmin müsibətin dəhşətlərini yaşayıb. Nəsirovlar ailəsinin taleyinə iki dəfə məcburi köçkünlük həyatı düşüb. Nəsildən-nəslə keçən döyüşkənlik ruhu, torpağa bağlılıq əqidəsi Vətən müharibəsində də özünü göstərdi. Düşmənlərə qarşı həmişə layiqli mübarizə aparan bir nəslin davamçısı Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə ucaldı.
Sonra çıxış edən Vətən müharibəsi qazisi İmran Rəcəbov, "Qarabağa Dönüş" İctimai Birliyinin İdarə Heyətinin üzvü Samirə Hüseynova, Xankəndi ziyalısı Nəcəf Həsənov, Xocalı soyqırımı şahidi, Birinci Qarabağ müharibəsi qazisi Firudin Əliyev Nəsirovlar ailəsinin igid döyüşçülərinin hünərlərindən söz açdılar. Vurğulandı ki, Birinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş Vətən oğullarının döyüş hekayələrini dinləməklə, düzgün aparılan gənclər siyasətilə müharibə şəraitində yaşayan ölkəmizdə vətənpərvər ruhlu gənclər yetişdi. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu.
Nəsirovlar ailəsinin üzvləri Kamran Nəsirov, Ramiz Nəsirov Akif Nəsirov və Vətən müharibəsi şəhidi Xəqani Nəsirovun həyat yoldaşı Nazilə Nəsirova çıxış edərək film haqqında öz təəsüratlarını bölüşdülər. Qeyd olundu ki, uşaq yaşlarından düşmənə nifrət bəsləyən, qisas almaq hissi ilə böyüyən Xəqaninin Vətən müharibəsində gözlədiyi gün yetişmişdi. O, torpaqlarımızın azadlığı uğrunda canından keçdi.
Şəhidlərimiz, döyüşçülərimiz haqqında belə sənədli filmlərin, kitabların yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addım olduğu bildirildi.
Layihə rəhbəri, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva çıxışında sənədli filmin hazırlanmasına dəstək göstərən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirdi. Sənədli filmin hazırlanmasında əsas məqsədin Qarabağ həqiqətlərinin, erməni vəhşiliyinin ictimaiyyətə çatdırılması ilə yanaşı, həm də istər Birinci Qarabağ Müharibəsində, istərsə də İkinci Qarabağ müharibəsində Xankəndi əhalisinin mübarizliyi haqqında məlumat verməkdir.
Qeyd edək ki, “Müharibə-bir ailənin sorağında...” adlı sənədli film erməni separatçılarının təxribatları nəticəsində Xocalıya köçən və Xocalı soyqırımının şahidləri olan Nəsirovlar ailəsinin səkkiz nəfər üzvü Birinci Qarabağ müharibəsində iştirak edib. Onlardan beş nəfəri şəhid olub, bir nəfəri "İgidliyə görə" medalı ilə təltif edilib. Ailənin bir üzvü Xocalı soyqırımı zamanı itkin düşüb. Bu ailənin övladı Xəqani Nəsirov isə 44 günlük Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə ucalıb.