Qəlblərdə yaşayan əbədi lider
10 may 2026 | 11:29
Xocalı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Xocalı rayon təşkilatının birgə təşkilatçılığı ilə 10 may 2026-cı il tarixdə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Ulu Öndərin ideyaları yaşayır” mövzusunda geniş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Aşağı Ağcakənd qəsəbəsində ucaldılmış abidəsini ziyarət etmiş, abidə önünə tər güllər düzərək dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirmişlər.
Rəsmi hissədə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbir çərçivəsində Ümummilli Liderin zəngin həyat və siyasi fəaliyyətini əks etdirən videoçarx nümayiş olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Xocalı rayon təşkilatının sədri Vahid Əliyev qeyd etmişdir ki, Heydər Əliyev yalnız Azərbaycanın deyil, bütün türk dünyasının yaddaşında silinməz iz qoymuş böyük dövlət xadimidir. O vurğulamışdır ki, Ulu Öndər xalqımızın ən ağır və mürəkkəb dövrlərində ölkəmizin xilaskarı kimi çıxış etmiş, dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlər göstərmişdir. Bildirilmişdir ki, bu gün Azərbaycan Respublikasının əldə etdiyi uğurların əsasında məhz Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs dayanır.
Çıxış edən Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Ümummilli Liderin dövlət quruculuğu sahəsində həyata keçirdiyi mühüm islahatlardan bəhs etmiş, xüsusilə qaçqın və məcburi köçkün ailələrinə göstərilən diqqət və qayğının hər zaman dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdırmışdır. O qeyd etmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı Heydər Əliyev ideyalarının uğurlu davamıdır və işğaldan azad olunmuş ərazilərimizdə geniş quruculuq işləri aparılır.
Tədbirdə çıxış edən YAP fəalı Şahnaz müəllimə Ulu Öndər Heydər Əliyevin təhsil siyasətindən geniş danışmışdır. O bildirmişdir ki, Heydər Əliyev hər zaman təhsili xalqın gələcəyi və dövlətin inkişafının əsas dayağı hesab etmişdir. Onun rəhbərliyi dövründə Azərbaycanda məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, gənclərin xarici ölkələrdə təhsil almasına şərait yaradılması və milli kadr potensialının formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Şahnaz Əliyeva vurğulamışdır ki, bu gün Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən uğurlu layihələr də məhz Heydər Əliyev siyasi kursunun nəticəsidir. O, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsində Ulu Öndərin ideyalarının mühüm rol oynadığını xüsusi qeyd etmişdir.
Partiya veteranı Dünyamin Əsədov isə çıxışında Yeni Azərbaycan Partiyasının yaranma tarixindən danışaraq bildirmişdir ki, xalqın təkidli tələbi ilə yaradılan Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin aparıcı siyasi qüvvəsinə çevrilmişdir. O qeyd etmişdir ki, Heydər Əliyevin ətrafında sıx birləşən ziyalılar və vətənsevər insanlar Azərbaycanın gələcək inkişafının möhkəm təməlini formalaşdırmışlar.
Çıxışlarda vurğulanmışdır ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları bu gün də yaşayır və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycanın beynəlxalq nüfuzunun artması, iqtisadi inkişafı, ərazi bütövlüyünün təmin olunması və əldə edilən tarixi qələbələr məhz bu siyasi kursun təntənəsidir.
Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilmiş, tədbir iştirakçıları Ulu Öndərin əziz xatirəsini böyük ehtiramla yad etmişlər.







