Şriftin ölçüsü :

Saytın rəngi :

Qələbə əhval-ruhiyyəli Novruz şənliyi

18 mart 2024 | 11:15
     Martın 18-də Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı rayon Mədəniyyət evinin qarşısında Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etmişdirlər.
  Əvvəlcə xalqımızın qədim adət-ənələrini özündə əks etdirən sərgilərə, milli oyunumuz olan dirədöyməyə, xoruz döyüşünə baxış oldu. Gənc idmançılar öz məharətlərini nümayiş etdirdilər. Süvarilər at üstündə şanlı bayrağımızı qaldıraraq dövrə vurdular. Bayram süfrəsi açıldı.
     Tədbir iştirakçılarına, elimizə xeyir-dua vermək və təbrik etmək üçün söz Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubova verildi. Bu il ilk dəfədir ki, bütün torpaqlarımızda Novruz tonqallarının alovlandırıldığını qeyd edərək bu qalib xalq kimi xoşbəxt günlər yaşadığımızı vurğuladı. Hər bayram “inşallah gələn il Novruz tonqalımızı Xocalımızda alovlandırarıq” arzumuz artıq real olub. Bunun üçün Müzəffər Ali Baş Komandanımıza, qüdrətli ordumuza, qəhrəman şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd etdi. Rayonumuzun icra başçısı xalqımızın qədim adət-ənənələrindən danışaraq bildirdi ki, Novruz bayramı Azərbaycan xalqının mədəniyyətini, qonaqpərvərliyini bütün dünyaya göstərməkdə xüsusi əhəmiyyət daşıyır. Azərbaycan xalqı qədim tarixə və yüksək mədəniyyətə malik xalqdır. Novruz bayramında milli ruhumuzu nümayiş etdirir. Azərbaycan xalqının qonaqpərvərliyini, insanlarımızın süfrəsinin hər zaman açıq olduğunu, qədim el adətlərini özündə cəmləşdirir. Şahmar Usubov qədim adət-ənənələrimizin indiki və gələcək nəsillər tərəfindən yaşadılmasının vacibliyini vurğuladı.
Daha sonra Novruz tonqalımızı rayonumuzun başçısı Şahmar Usubov Vətən müharibəsi qazisi Əli Hümbətovla birgə alovlandırdı.
     Rayonumuzun mədəniyyət işçiləri bayram əhval-ruhiyyəli mahnılar ifa etdilər. İfa edilən mahnılar bayram ovqatını artırdı. Milli geyimlərdə oğlanlar və qızlar rəqs etdilər. Bayramın rəmzlərindən olan Kosa və Keçəl gülməli səhnələrlə öz məharətlərini göstərdilər.
     Xalqımızın ən gözəl bayramlarından biri olan Novruz bayramı şənliyi xoş ovqat və qələbə əhval-ruhiyyəsi ilə yekunlaşdı.
Keçidlər