Şəhid Ömər Şirinov dəfn olundu
14 sentyabr 2022 | 09:29
Azərbaycan-Ermənistan sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində erməni silahlı birləşmələri tərəfindən törədilən genişmiqyaslı təxribatının qarşısının alınması zamanı şəhid olan Kəlbəcər rayon sakini, Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış 1999-cu il təvəllüdlü, leytenant Şirinov Ömər Muğan oğlu bu gün Zeyvə kənd qəbiristanlığında dəfn edildi.
Dəfn mərasimində Goranboy, Kəlbəcər və Xocalı rayon İcra Hakimiyyətlərinin başçıları, hərbiçilərimiz və ictimaiyyət nümayəndələri iştirak etdilər. Şəhidimizin ruhuna dualar oxundu, ailə üzvlərinə Allahdan səbr dilədilər.
Torpaqlarımızın azadlığı uğrunda şəhadətə yüksələn igid oğullarımız daim xalqımızın qəlbində yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət etsin! Vətən sağ olsun!