Şəhidlərimizin məzarları ziyarət edildi, aiələri ilə görüş keçirildi
02 iyul 2022 | 15:39
Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun tapşırığına əsasən, rayonumuzda olan şəhid və qazi ailələri ilə mütəmadi görüşlər keçirilir, onların problemləri ilə maraqlanılır. Müvafiq tapşırığa uyğun olaraq, iyul ayının 2-də torpaqlarımızın müdafiəsi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Xocalı rayonundan olan Vətən Müharibəsi şəhidlərinin ailələri ilə birlikdə şəhidlərimizin məzarları ziyarət edildi. Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxsləri, bir qrup ictimaiyyət nümayəndələri Gəncə Şəhər Şəhidlər Xiyabanında dəfn edilmiş şəhid Məmmədov Elnur Xurşud oğlunun, Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmiş Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Nəsirov Xəqani Kamran oğlunun, Bərdə rayonu Şirvanlı kənd qəbiristanlığında dəfn edilmiş Dövlət Sərhəd Xidmətinin kəşfiyyatçı giziri Ramazanlı Əlizamin Umud oğlunun, Ağcabədi rayon Sarıcalı kənd qəbiristanlığında dəfn edilmiş kəşfiyyatçı Mustafazadə Ceyhun Şükür oğlunun, Ağcabədi şəhər Şəhidlər Xiyabanında dəfn edilmiş Ordumuzunun əks-kəşfiyyat bölüyünün müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Miriyev Sənan Arif oğlunun məzarlarını ziyarət edərək, şəhidlərimizin ruhuna dərin ehtiram əlaməti olaraq gül dəstələri düzdülər. Şəhidlərimizin ruhuna dualar oxudular.
Şəhid ailələri ilə söhbət zamanı bildirildi ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizi xalqımız heç bir zaman unutmayacaq. Şəhidlərimiz canı və qanı hesabına illərdir həsrətində olduğumuz torpaqlarımızı düşmən tapdağından azad etdilər. Artıq başı uca, üzü ağ yaşayayırıq. Ömrümüzün sonuna kimi şəhidlərimizə borcluyuq. Şəhid ailələrinə mənəvi dəstək olmaq hər birimizin borcudur.
Sonra tədbir iştirakçıları Vətən müharibəsi şəhidi Ceyhun Mustafazadənin Sarıcalı kəndində ailəsinin yaşadığı evin həyətində keçirilən qardaşı Şamonun toy mərasimində iştirak etdilər. Toy mərasimində nikah bağlayan gənclərə xoşbəxtlik, ailə səadəti arzulandı. Rayon İcra Hakimiyətinin Başçısı Şahmar Usubovun təbrikləri çatdırıldı.
Görüşlərdə şəhid ailələri onların problemləri ilə maraqlanan, dərdlərinə şərik olan insanlara mənəvi dəstək olduqları üçün razılıqlarını bildirdilər, göstərilən diqqət və qayğıya görə Cənab Prezidentə minnətdarlıqlarını ifadə etdilər.