Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın qurucusudur

18 oktyabr 2023 | 12:04
     Xocalı  rayonunda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib.
    “Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Xocalı rayon təşkilatı oktyabrın 18-də Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı rayon Mədəniyyət Evində  tədbir keçirib.
     Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.
     Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
     Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
     Tədbiri giriş sözü ilə açan YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev bildirib ki, Azərbaycan tarixinin bütöv bir dövrü Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Ümummilli Liderin Azərbaycana rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. Bu gün Heydər Əliyev ideyaları əsasında inkişaf edən, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan yeni zirvələr fəth edir. Bunun nəticəsidir ki, bu gün Xankəndidə, Xocalıda və işğaldan azad olunan digər ərazilərimizdə üçrəngli Azərbaycan bayrağı dalğalanır.
     Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev bütün dövrlərdə xalqımıza və dövlətçiliyimizə ləyaqətlə, sədaqətlə xidmət edib. Heydər Əliyev həmişə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparıb. Ulu Öndərin dövlətimiz və xalqımız üçün göstərdiyi müstəsna xidmətlər Azərbaycanın dünyada söz və nüfuz sahibi olan ölkəyə çevrilməsində mühüm rol oynayıb.
     YAP İdarə Heyətinin üzvü,  Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev söyləyib ki, 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmizi məhv olmaq təhlükəsindən qurtardı. “Ümummilli Lider Heydər Əliyevin müasir və müstəqil Azərbaycana rəhbərliyinin əsas nəticəsi ondan ibarətdir ki, dağılmaq ərəfəsində olan ölkəmiz dinamik inkişaf edən bir dövlətə çevrilib. Bu heç də asan başa gəlməyib. Azərbaycanı inkişaf yoluna yönəltmək üçün böyük zəhmət sərf olunub. Odur ki, biz Heydər Əliyevin qurucusu olduğu bugünkü Azərbaycanı daim qorumalıyıq”.
     YAP İdarə Heyətinin üzvü,  Milli Məclisin deputatı Şahin İsmayılov bildirib ki, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan dövlətçiliyini bütün təhlükələrdən qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər müasir tariximizin şərəfli dövrünü əhatə edir. Ölkəmizdə dövlətçilik ənənələrinin zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi və dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi məhz Ümummilli Lider Heydər Əliyevin yorulmaz və səmərəli fəaliyyəti sayəsində mümkün olub.
     YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Elman Məmmədov  qeyd edib ki, Vətəninə, xalqına sədaqətlə xidmət etmiş Ulu Öndər Heydər Əliyev Azərbaycanın keçmişini yaşadan və gələcəyini müəyyən edən müdrik dövlət xadimidir. Azərbaycan gənclərinin əsl vətəndaş kimi formalaşmasında Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Məhz Heydər Əliyev ideyaları ilə milli-mənəvi ruhda yetişən Azərbaycan gəncləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik torpaq həsrətinə son qoydu, tarixi zəfərlər əldə etdi. Bu gün Xocalıda Azərbaycan bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.
     YAP fəalları Xəyyam Cəfərov və İlahə Kərimova çıxışlarında bu gün Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycanın dünyada güclü və nüfuzlu dövlətə çevrildiyini, Prezident İlham Əliyevin ölkəmizə möhtəşəm nailiyyətlər qazandırdığını diqqətə çatdırıblar.
     Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman, YAP sıralarına yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim edilib.
Keçidlər