Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımız üçün nicat yolu oldu
15 iyun 2022 | 09:56
İyun ayının 15-də Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Goranboy rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Günü münasibətilə ümumrayon tədbiri keçirildi. Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar və məktəb şagirdləri iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə dərin ehtiram əlaməti olaraq gül dəstələri düzdülər.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində oldular. Burada Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verildi.
Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva bildirdi ki, dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan xalqının çağırışı idi. Ulu öndər xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 9-da Bakıya qayıtdı və 15 iyunda Ali Sovetin sədri vəzifəsinə seçildi. Məhz bu gün müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycanı fəlakətlərdən qurtardı. Ölkədə ictimai asayiş bərpa olundu, hərcmərclik aradan qaldırıldı və xalqın dövlətə olan inamı geri qaytarıldı. Azərbaycan beynəlxaq münasibətləri qurdu və ölkəmizin bir dövlət kimi dünya birliyinə inteqrasiyası başladı. Ulu öndərin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərindən biri də özündən sonra dövlətimizi əmin addımlarla inkişafa aparan layiqli davamçı yetişdirməsidir. Bu gün Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz gündən-günə daha da inkişaf edir və beynəlxalq arenada söz sahibinə çevrilir.
Daha sonra "Tarixin şanlı zəfəri" adlı sənədli film nümayiş etdirildi.
Xocalı rayon ziyalısı Şükür Bəşirov çıxış edərək ovaxtkı səriştəsiz rəhbərlərin ucbatından torpaqlarımızın işğala məruz qaldığını dedi. 1988-ci ildə Moskvada Respublikamızın daimi nümayəndəliyində ilk dəfə Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi təklifini vermiş, Xocalı faciəsindən sonra mart ayının 2-də Ağdam şəhərində Xalq Cəbhəsi binasının qarşısında təşkil olunan mitinqdə Azərbaycanı bu bəladan ancaq Heydər Əliyev qurtara bilər və əgər Azərbaycan xalqı özündə iradə tapıb Heydər Əliyevi hakimiyyətə gətirməsə, Laçın və Şuşa işğal olunacaq şüarlarını səsləndirmiş Şükür Bəşirov çıxışında həmin illər ölkədəki baş verən siyasi - iqtisadi böhrandan məlumat verdi. 1997-ci ilin iyun ayının 17-də Ulu öndərlə görüşünün təəssüratlarını qürur və fəxr hissi ilə danışdı.
Xocalı şəhər 1 saylı tam orta məktəbin tədris işləri üzrə direktor müavini Aydın Həsənov çıxışında bildirdi ki, Heydər Əliyev hakimiyyətə qayıdanda onu ölümlə hədələyirdilər. Ancaq Heydər Əliyev deyirdi ki, mən Azərbaycan xalqının yolunda öz canımdan keçməyə hazıram. Heydər Əliyevə Vətən yolunda şəhidlik qismət olmasa da, o şəhidlik yolunu seçmişdi. Dahi şəxsiyyət Heydər Əliyevin dühasını heç bir rəssam fırçası olduğu kimi vəsf edə bilməz. Heydər Əliyev Azərbaycanı dirçəltdi. Bütün dünyada yaşayan azərbaycanlılar üçün Azərbaycan bir istinad yerinə çevrildi. Bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev əsl sərkərdə kimi xalqı öz ətrafında cəmləşdirib. Azərbaycanı daha uğurlu gələcəyə aparır.
Yekun olaraq söz Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubova verildi. Rayonumuzun icra başçısı çıxışında bildirdi ki, hər bir dövlətin formalaşmasında bir dahi şəxsiyyət rol oynayır. Azərbaycanın dövlət olması Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev birinci hakimiyyəti dövründə çalışırdı ki, ölkəmiz hərtərəfli inkişaf etsin ki, müstəqillik dövründə özünü idarə edə bilsin. Ulu öndər bu prosesləri 70-ci illərdən başlatmış və nail olmuşdur. Ümummilli Lider Azərbaycanı aqrar kənd təsərrüfatı ölkəsindən sənaye ölkəsinə çevirmişdir. Müstəqilliyimizin ilk illərində səriştəsiz rəhbərlər Azərbaycanı xaosa salmışdı, vətəndaşlıq müharibəsi baş vermək üzrə idi, krimonegen vəziyyət yaranmışdı. Azərbaycanı bütün bu bəlalardan xalqımızın xilaskar oğlu Ümummilli Lider Heydər Əliyev xilas etdi.
Şahmar Usubov qeyd etdi ki, Heydər Əliyevin bünövrəsini qoyduğu inkişaf yolunun nəticəsi olaraq ölkəmizin iqtisadi yüksəlişi başladı, ordu quruculuğu prioritet sahə kimi diqqətdə saxlanıldı. Ulu öndər Heydər Əliyevin siyası varisi, özü qədər inandığı Prezident İlham Əliyev Vətən müharibəsində ata nəsihətini yerinə yetirdi. 44 günlük müharibədə Prezident İlham Əliyevin qətiyyətli mövqeyi həm ordumuza, həm də xalqımıza ruh yüksəkliyi verdi. Vətən müharibəsində informasiya cəbhəsində təkbaşına mübarizə aparan ölkə başçısı xalqımızın haqlı mövqeyini layiqincə müdafiə etdi.
Tədbirin sonunda Xocalı şəhər 1 saylı tam orta məktəbin şagirdləri vətənpərvərlik ruhunda bədii kompozisiya nümayiş etdirdilər. Şagirdlər Ulu öndər Heydər Əliyevə, dövlət rəmzlərimizə və Vətən müharibəsinə həsr edilmiş şeirlər səsləndirdilər.