Xocalılar Ümummilli Liderin xatirəsini ehtiramla yad etdilər
12 dekabr 2022 | 09:15
Ulu Öndər Heydər Əliyevin vəfatından 19 il ötür. Hər il olduğu kimi, ölkəmizin bütün bölgələrində insanlar Ümummilli Liderin abidəsi önünə gələrək ruhu qarşısında baş əyir, dahi rəhbərin xatirəsinə ehtiram göstərirlər. Xalqımız Heydər Əliyevi qurucu və xilaskar dövlət xadimi kimi daim minnətdarlıq hissi ilə xatırlayır.
Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti olaraq məskunlaşmış xocalılar da Ulu öndərin xatirəsini ehtiramla yad edirlər. Ulu Öndərin vəfatının 19-cu ildönümü günündə - dekabrın 12-də Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, sakinlər Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzdülər.
Xocalı rayon Mədəniyyət Evində davam edən tədbirdə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva Heydər Əliyevin həyata keçirdiyi uğurlu dövlət strategiyası nəticəsində əldə edilmiş uğurların bugünkü reallıqların bünövrəsi olduğunu diqqətə çatdırdı. Ulu öndərin xalqımız qarşısında ən böyük xidmətlərindən biri tarixi torpaqlarımızın Ermənistan tərəfindən işğal olunması faktını hər zaman beynəlxalq təşkilatların diqqətinə çatdırması olmuşdur. Beynəlxalq aləmdə Ermənistanın təcavüzkar dövlət kimi tanıdılması, BMT-nin işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qətnamələrinə əməl olunması, qaçqınların sosial problemlərinin həlli və s. istiqamətlərdə davamlı siyasət həyata keçirən ümummilli lider bunu özünün bir nömrəli problemi adlandırırdı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin istər daxildə, istərsə də beynəlxalq aləmdə əldə etdiyi hər bir siyasi uğur Ulu öndərin zəkasının təcəssümü və onun bizə əmanət qoyduğu dövlətçilik ənənələrinin təntənəsidir.
Sonra Xocalı rayon gənci Anar Əliyev məruzə ilə çıxışında Ulu öndərin dövlət gənclər siyasəti istiqamətində gördüyü işlərdən danışdı. Anar Əliyev bildirdi ki, Ümummilli liderimiz Heydər Əliyev ölkədə gedən demokratik islahatlara və insan hüquqlarının qorunmasına həmişə diqqət yetirirdi. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndərimiz bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi. Müxtəlif qurumlarda, dölət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi. Ümummilli liderimizin 1997-ci il 2 fevral tarixində imzaladığı fərmana əsasən həmin tarix “Azərbaycan gəncləri günü” elan edilmişdir. Təbii ki, bu yönümlü siyasət Azərbaycanın milli genefondunun qorunması, habelə gəncləri vətənpərvər ruhda tərbiyə etmək zərurətindən meydana gəlmişdir. 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin diqqət yetirdiyi mühüm istiqamətlərdən biri də gənclərlə iş olmuşdur. Həyata keçirilən gənclər siyasətinin başlıca məqsədi milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsidir. Ölkədə demokratik prosesin sürətlənməsi ərəfəsində gənclərin təşkilatlanması məqsədi ilə dövlət başçısı tərəfindən 1994-cü il 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması barədə fərman imzalandı.
Daha sonra Heydər Əliyevin qaçqın və məcburi köçkünlərin rifah halının artırılması istiqamətində xidmətlərindən danışmaq üçün söz Xocalı rayon İHB-nın Cəmilli kənd İƏD-si üzrə nümayəndəsi Ramiz Qəhrəmanova verildi. Ramiz Qəhrəmanov qeyd etdi ki, Heydər Əliyev tək Azərbaycan Respublikasının inkişafı üçün yox, bütün türk dünyasının inkişafına göstərdiyi xidmətlərə görə dünya siyasətinə istiqamət verən ən güclü siyasəyətçilərdən biri idi. Heydər Əliyev 1996-cı il fevral ayının 24-də Xocalı rayonundan olan ziyalılarla, şəhid ailələri ilə görüş keçirdi. 4 saatdan artıq baş tutan görüşdə Heydər Əliyev xocalıların dərdinə şərik oldu. 1997-ci ilin 27 iyun tarixində qaçqın və məcburi köçkünlərə həsr edilmiş Respublika müşavirəsi keçirildi. Heydər Əliyev müşavirədə işğal olunmuş hər rayonun nümayəndələrini dinlədi və öz qərarını verdi. Əgər Heydər Əliyev Azərbaycanı xaosdan çıxarmasaydı, "Əsrin müqaviləsi"ni bağlamasaydı uğurlu gələcəyi görə bilməzdik.
Tarixi zərurət səbəbindən Ulu Öndər tərəfindən qurulan Yeni Azərbyan Partiyasının təsis edilməsi və onun fəaliyyət istiqamətlərinin müəyyən olunması mövzusunda YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyevin çıxışı oldu. Vahid Əliyev 1988-1992-ci illərdə ölkəmizdə mövcud olan ictimai-siyasi vəziyyət düzgün öyrənildikdən, təhlil edildikdən sonra Heydər Əliyev şəxsiyyətinin Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısında xidmətlərinin əsl mahiyyətini dərk etməyin mümkün olduğunu vurğuladı. Bildirdi ki, torpaqlarımız səriştəsiz rəhbərlərin ucbatından işğala məruz qaldı. Nəticədə ermənilər də, onların havadarları da istəklərinə nail ola bildilər.
Yekun olaraq çıxış edən Rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov Müasir Azərbaycanın çağdaş tarixinin dünyamiqyaslı siyasi xadim, böyük dövlət xadimi Heydər Əliyevin adı və failiyyəti ilə bağlı olduğunu vurğuladı. Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev bəşər tarixinin ən böyük və bənzərsiz şəxsiyyətlərindəndir.
Ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü 1969-1982-ci illərdə gördüyü işlər, həyatımızın bütün sahələrində baş vermiş inkişaf və tərəqqi, köklü dəyşikliklər quruculuq salnaməsinin ən parlaq səhifəsini təşkil edir. Müasir Azərbaycan dövlətçiliyinin təməlini Ulu öndər hələ o vaxtlar respublikamıza rəhbərlik etdiyi sovetlər dönəmində yaratmışdır. O, Azərbaycanı geridə qalmış respublikadan inkişaf etmiş sənaye ölkəsinə çevirdi.
Bu gün qətiyyətlə qeyd edirik ki, Azərbaycan dövlətinin əldə etdiyi uğurların təməlində Heydər Əliyev dühası, onun siyasi və iqtisadi inkişaf kursu dayanır. Azərbaycanın müstəqil dövlət kimi yaşaması, dünyada qüdrətli bir ölkəyə çevrilməsi üçün Heydər Əliyevə borcluyuq.
1993-cü ildə böyük çətinliklər bahasına əldə etdiyimiz kövrək müstəqilliyimizin itirilməsi ilə qarşı-qarşıya qalanda xalqımız öz fədakar oğlu Heydər Əliyevə üz tutdu. Onu təkidlə ölkə rəhbərliyinə dəvət etdi. Xalqımız yaxşı bilirdi ki, ölkəmizi düşdüyü belə bir ağır, çıxılmaz vəziyyətdən, böyük bəladan yalnız Heydər Əliyev dühası, qətiyyəti qurtara bilər, xalqının taleyinə biganə qalmayan Ulu Öndər xalqın səsinə səs verdi, Naxçıvandan Bakıya gəldi. Respublikada tüğyan edən özbaşınalıq, hərc-mərclik, vətəndaş müharibəsinin və başqa xoşagəlməz amillərin qarşısının alınması üçün öz həyatını və canını böyük təhlükə altına atdı. Bütün çətinlikləri göz altına alan Heydər Əliyev bu hallara qarşı qəti mübarizəyə başladı. Qısa bir zaman kəsiyində ölkədə cərəyan edən xaosun, anarxiyanın qarşısı alındı, qanunsuz fəaliyyət göstərən silahlı dəstələr tərksilah edildi. Azərbaycan parçalanıb məhv olmaq təhlükəsindən xilas olundu və tez bir zamanda ölkədə sabitlik yarandı, respublikamız inkişaf yoluna qədəm qoydu. Bu, sözün əsl mənasında "ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyib meydana atılan böyük ürəkli, cəsarətli Vətən oğlunun öz milləti, öz vətəninin qarşısında misilsiz fədakarlığı idi.
Sonda Ulu öndər Heydər Əliyevlə şəxsən görüşmüş insanların xatirələrindən ibarət videoçarx nümayiş etdirildi.