Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidimizin doğum günündə məzarı və ailəsi ziyarət edildi

09 may 2022 | 10:33
   09.05.2022-ci il tarixdə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şəhriyar Quliyev, Xocalı rayon İHB-nın Kosalar kənd İƏD üzrə nümayəndəliyinin əməkdaşları, Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, YAP Xocalı rayon təşkilatının Gəncə şəhəri Yeni qəsəbə-2 üzrə ərazi partiya təşkilatının fəalları, təhsil müəssisələrinin rəhbərləri Bərdə rayonu Şirvanlı kənd qəbiristanlığında dəfn edilmiş Vətən müharibəsi şəhidi Ramazanlı Əlizamin Umud oğlunun cənnətdəki ikinci mövlud günü ilə əlaqədar şəhidimizin məzarını ziyarət etdilər.   Şəhidimizin valideynləri ilə söhbət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olundu. Onun xatirəsinin xalqımızın yaddaşında əbədi olaraq yaşayacağı və şəhidlərimizi yad etməyin hər birimizin borcu olduğu vurğulandı. Sonra Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılğı və Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Beynəlxalq Qadınlar Günü münasibətilə 44 günlük Vətən müharibəsində canlarını Vətən uğrunda fəda etmiş şəhidlərin analarının adına həyata keçirilmiş ağacəkmə aksiyasının ianə sertifikatı şəhidimizin anası Adilə xanıma təqdim edildi.  
     Qeyd edək ki, əslən Xocalı rayonunun Kosalar kəndindən olan Əlizamin Ramazanlı 2000-ci il mayın 9-da Bərdə rayonu Şirvanlı kəndində anadan olub. Əlizamin 2006-cı ildə Şuşa rayon 19 nömrəli tam orta məktəbinin 1 sinfinə gedib, 2017-ci ildə həmin məktəbi bitirib. 2017-ci ilin iyulunda Sərhəd qoşunlarında hərbi xidmətə gedib, 2019-cu ilin yanvarında hərbidən tərxis olunub. Evin tək oğlu olan Əlizamin 2020-ci il fevralın 13-də Sərhəd Qoşunlarında kəşfiyyatçı gizir kimi Vətənə olan borcunu davam etdirib.     
     Vətən Müharibəsi başladığı gündən qisas hissi ilə vuruşan Əlizamin Ramazanlı Murovdağ silsiləsinin alınması uğrunda döyüşlərdə iştirak edib, Kəlbəcər tərəfdə kəşfiyyat əməliyyatlarında ön sıralarda olub. Sonra Füzuli istiqamətində döyüşlərə qatılıb. Xocalıya, Kosalar kəndinə bayrağımızı sancacağam deyən igid döyüşçümüz oktyabr ayının 9-u Hadrut uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.  Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən, döyüşlərdə şəxsi igidlik və şücaət nümayiş etdirmiş Ramazanlı Əlizamin Umud oğlu ölümündən sonra  “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və  “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.      
      Ruhu şad olsun! 
Keçidlər