Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunur

27 sentyabr 2022 | 10:15
     Prezident cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən 27 Sentyabr - Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
     Anım Günündə ölkəmizin hər yerində olduğu kimi, xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində də şəhidlərin xatirəsi ehtiramla anıldı.
     Rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərliyi, şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri qəsəbədə Xocalı soyqrımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət edərək önünə gül dəstələri düzdülər. 
     Mərasim iştirakçıları əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
      Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva tədbiri giriş sözü ilə açaraq Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbədən danışdı. Bildirdi ki, torpaq su ilə qarışarsa palçıq, qan ilə qarışarsa, Vətən olar. 44 günlük haqq savaşımızda qəhrəman oğullar canlarını fəda edərək ən ali məram olan şəhidlik zirvəsinə ucaldılar. Vətən müharibəsində dastana çevrilmiş qələbəmizə bütün dünya heyrət edir. Ömrümüzün sonunadək bizə qələbəni yaşadan şəhidlərimizə, onların ailələrinə, övladlarına borcluyuq.
     Sonra "Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Aqil Məmmədov çıxış edərək iki il bundan əvvəl erməni təxribatına qarşı Azərbaycan ordusunun başlatdığı əks hücumdan qürur hissi ilə danışdı. O, qeyd etdi ki, bu gün şəhidlərimizin anım günü olması ilə yanaşı, həm də bizim qürur günümüzdür. Milli birlik günümüzdür. Çünki 2020-ci illin 27 sentyabrında Azərbaycan xalqının bütün zümrəsi bir yumruq kimi birləşərək ordumuza dəstək oldu. Milli birliyimiz sayəsində şəhidlərimizin qanı və canı hesabına 30 il ərzində düşmən tapdağı altında qalan torpaqlarımızı azad etdik. Şükürlər olsun ki, bu gün Azərbaycan bayrağı işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanır. Nəyi, necə və nə vaxt edəcəyini yaxşı bildiyini söyləyən Ali Baş Komandanımızın rəhbərliyi ilə xalqımız böyüz zəfərə imza atdı.  
     Daha sonra Vətən müharibəsi iştirakçısı, qazi İmran Rəcəbov çıxış edərək bildirdi ki, sentyabr ayını biz tədris ilinin başlanğıcı kimi qeyd etmişik. Ancaq 2020-ci ilin sentyabrın 27-dən və 2022-ci ilin sentyabr ayının 12-si və 13-ü tarixlərindən sentyabr ayı şəhidlərimizin anım günləri kimi yaddaşa yazılır. Bunu da yaxşı bilirik ki, sentyabr ayı bizim qələbəmizə - 30 ildir həsrətində olduğumuz torpaqların azadlığına gedən yolun başlanğıcıdır. İnşallah Xocalımızı da düşmən tapdağından azad edəcəyik. O zaman şəhidlərimizin ruhu daha da şad olacaqdır. 
     Yekun olaraq çıxış edən rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov 30 il ərzində keçmiş məcburi köçkünlərin çəkdiyi əzab-əziyyəti, köçkünlük illərinin əvvəllərində şəraitsiz və gələcəyə ümidsiz şəkildə vaqonlarda, çadırlarda məskunlaşdıqlarını diqqətə çatdırdı. 
      Vətən müharibəsinin ilk günündə Televiziya aparıcısının 8 kəndimizin azad olması xəbərini verməsi, Cənab Prezidentimizin xalqa müraciəti, qələbə tvitlərinin bütün xalqımızı sevincə bürüdüyünü vurğuladı. Bildirdi ki, Böyük zəfəri, torpaqlarımızın işğaldan azad olmasını görməyi Allah bizlərə qismət etdi. Bu tarixin şanlı səhifəsini yaşadığımız üçün şəhidlərimizə, qazilərimizə borcluyuq. Vətən müharibəsində Azərbaycan xalqının yumruq kimi birləşdiyini gördük. Xalqımızın həmrəyliyini, döyüş əzmini, qisas arzsunu görərkən azərbaycanlı olmağımızla bir daha fəxr etdik. Hər kəsin arzusu, amalı ordumuzla birlikdə olmaq və torpaqlarımızın azadlığını görmək idi. 
     Cənab Prezident İlham Əliyev bu gün mötəbər tədbirlərdə öz qətiyyətli sözünü deyir. Bunu qalib Azərbaycan ordusuna və qalib Azərbaycan xalqına arxalanaraq deyə bilir. Ölkə başçısının uğurlu siyasəti ilə Qarabağda sürətlə quruculuq işləri gedir, Bütöv Azərbaycan torpaqlarının bərpası uğrunda amalımızı həyata keçiririk. 
     Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. 
     Mərasim iştirakçıları sonra Aşağı Ağcakənd qəsəbəsinin girəcəyində salınmış "Bayraq Meydanı" önündə şəhidlərimizin xatirəsinə təşkil edilmiş ağacəkmə aksiyasında iştirak etdilər. 
     Saat 12:00-da Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırıldı.
Keçidlər