Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqımızın ən gözəl bayramlarından biri olan Novruz bayramı şənliyi

17 mart 2026 | 15:44
     Martın 17-də xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində “Yurdumuza bahar gəlir” adlı ümumrayon şənliyi keçirildi. Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən Novruz bayramı şənliyində Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, idarə və müəssisələrin kollektivləri, şəhid aiələri, qazilər və rayon ictimaiyyəti iştirak etdilər.
     Əvvəlcə xalqımızın qədim adət-ənələrini özündə əks etdirən sərgilərə, milli oyunumuz olan dirədöyməyə, xoruz döyüşünə, ipdartma yarışına baxıldı. Yumurta döyüşdürüldü. Süvarilər at üstündə şanlı bayrağımızı qaldıraraq dövrə vurdular. Bayram süfrəsi açıldı. Rayonumuzun icra başçısı Şahmar Usubov şəhid Samir Məmmədovun atası Aqil Məmmədovla birlikdə bayram tonqalını alovlandırdı.
     Tədbirdə çıxış edən rayonumuzun rəhbəri Şahmar Usubov bildirdi ki, biz Zəfər bayramından sonar qələbə əhval-ruhiyyəli Novruz şənliklərini qeyd edirik. Böyük Qayıdış ərəfəsində Xocalı rayonuna əhalimiz köç edir. Tədbir iştirakçılarına, xalqımıza təbriklərini çatdıran Şahmar Usubov millətimizə sevincli günlər arzuladı. Novruz bayramının Azərbaycan xalqının mədəniyyətini, qonaqpərvərliyini bütün dünyaya göstərməkdə xüsusi əhəmiyyət daşıdığını bildirdi. Şahmar Usubov bildirdi ki, Azərbaycan xalqı qədim tarixə və yüksək mədəniyyətə malik xalqdır. Novruz bayramı milli ruhumuzu nümayiş etdirir. Azərbaycan xalqının qonaqpərvərliyini, insanlarımızın süfrəsinin hər zaman açıq olduğunu, qədim el adətlərini özündə cəmləşdirir. Novruz bayramı əmin-amanlıq, sülh bayramıdır.
     Şahmar Usubov fikirlərinə əlavə etdi ki, sovet rejimi dövründə Novruz bayramını təntənəli keçirməyə icazə verilmirdi. Ancaq bu bayramının adət-ənənələri qorunub saxlanıldı. Respublikamız müstəqilliyini əldə etdikdən sonra Novruz bayramı böyük coşqu ilə qeyd edilməyə başladı. Azərbaycan xalqı qonaqpərvər xalqdır. Bizim humanistliyimizdən, qonaqpərvərliyimizdən istifadə edən mənfur düşmənlər torpaqlarımızda yaşamağa başladılar. Sonra da torpaqlarımıza göz dikdilər, bizə faciələr yaşatdılar. Düşmənə İkinci Qarabağ müharibəsində layiqli cavabı verdik. Zəfər çalmış xalqın, ordunun nümayəndələri kimi qürur və fəxr hissi keçiririk. Haqq savaşımızdakı qələbəmizdən sonra qəddimizi dik tutduq, başımız ucaldı. Uzun müddətdir ki, biz qələbə arzulayırdıq. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda bayram tonqallarımız qalanır.
     Bayram şənliyi konsert proqramı ilə davam etdi. Milli geyimlərdə oğlanlar və qızlar rəqs etdilər. Bayramın rəmzlərindən olan Kosa və Keçəl gülməli səhnələrlə öz məharətlərini göstərdilər.
     Xalqımızın ən gözəl bayramlarından biri olan Novruz bayramı şənliyi xoş ovqatla başa çatdı.
Keçidlər