Xocalı məktəbliləri üçün "44 gün, 44 an" adlı sənədli film nümayiş etdirildi
02 noyabr 2022 | 11:34
Noyabrın 2-də Xocalı rayon İcra Hakimiyyəti və Xocalı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, Qarabağ Regional Təhsil İdarəsinin dəstəyi ilə "Zəfər Günü"nə həsr edilmiş silsilə tədbirlərə uyğun olaraq Gəncə şəhəri ərazisində fəaliyyət göstərən Xocalı rayonunun Kosalar, Yaloba və Başkənd kənd tam orta məktəblərinin şagirdləri üçün Vətən müharibəsindən bəhs edən "44 gün, 44 an" adlı sənədli filmin nümayişi oldu.
Filmi Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev, Xocalı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, məktəb rəhbərliyi və şagirdlər izlədilər.
Çıxış edən Lamiyə Qarayeva 2020-ci il sentyabrın 27-də erməni təxribatçılarına qarşı başladılan əks-hücum əməliyyatlarından danışaraq bildirdi ki, Vətən müharibəsində Müzəffər Ordumuzun yazdığı qəhrəmanlıq salnaməsi xalqımıza böyük zəfər sevinci və qürur bəxş etdi. Lamiyə Qarayeva eyd etdi ki, 44 gün davam edən haqq savaşımızda hər kəs həmrəylik nümayiş etdirərək böyük qələbəmizə öz töhfəsini verdi. Xalqın Ali Baş Komandanın ətrafında sıx birləşməsi və Ordumuza dəstək olması, həmçinin igid oğullarımızın döyüş əzmi qələbəni gətirən əsas amil oldu. Vətən müharibəsinin unudulmaz anları əbədi yaddaşımıza yazıldı. Həmin o qürurlu anları, igid döyüşçülərimizin, şəhidlərimizin qəhrəmanlıq salnaməsini təcəssüm etdirən "44 gün, 44 an" adlı sənədli filmin şagirdlərimizə nümayişi onların vətənpərvərlik ruhunda tərbiyə olunmasına töhfədir.
Sonra "44 gün, 44 an" adlı sənədli film nümayiş olundu. Sənədli film izləyicilərə duyğulu anlar yaşatdı. Müharibənin başladığı yerdən bitdiyi yerə kimi həm sevincli, kədərli, həm də şərəfli anlarının təəssüratları bir daha gözlər önünə gəldi.
Qeyd edək ki, tanınmış jurnalist Mübariz Əsgərovun müəllifi olduğu “44 gün, 44 an” adlı sənədli filmdə müharibənin ən təsirli anlarından danışılır.