Xocalı polisləri Ulu öndər Heydər Əliyevin dövlətçilik xəttinə, Prezident İlham Əliyevin müdrik siyasətinə həmişə sadiqdirlər
02 iyul 2022 | 12:46
02.07.2022-ci il tarixdə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində polis işçilərinin peşə bayramı günü münasibətilə keçirilən tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, idarə, müəssiə, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayonun polis işçiləri “Heydər” parkında ucaldılan Ümummilli lider Heydər Əliyevin büstü önünə tər çiçəklər düzdülər, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildirdilər.
Azərbaycan polisi vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir, hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.
Xocalı polisləri də Ulu öndər Heydər Əliyevin dövlətçilik xəttinə, Prezident İlham Əliyevin müdrik siyasətinə həmişə sadiqdirlər. Polis işçilərimiz vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində səmərəli fəaliyyət göstərir, polis adını şərəflə qoruyurlar.
Xocalı rayon polisi yarandığı ilk gündən erməni silahlı qüvvələrinə qarşı aparılan döyüş əməliyyatlarında yaxından iştirak etmişdir. Xocalı soyqırımı zamanı xalqımıza qarşı törədilən vəhşət polis işçilərinin gözünü qırmadı, əksinə onlar silaha sarılaraq Ağdam rayonunun Güllücə, Göytəpə, Qərvənd kəndləri uğrunda gedən döyüşlərdə iştirak etdilər. Qeyri-bərabər döyüşlərdə polis işçilərindən 29 nəfər şəhid olmuş, 28 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanmışdır.
Ulu öndərimizin hakimiyyətə qayıdışından sonra rayonumuzdan olan bir neçə polis işçiləri dövlət mükafatları ilə təltif olunmuşdur. Belə ki, 4 nəfər “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüş, 2 nəfər “Azərbaycan Bayrağı” ordeni, 2 nəfər isə “İgidliyə görə” medalı ilə təltif olunmuşdur.
Xocalı Rayon Polis Şöbəsi 2003-cü ildən Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərir və polis əməkdaşları öz xidməti vəzifələrini layiqincə yerinə yetirirlər.
Xocalı rayon Polis Şöbəsinin şəxsi heyəti Vətən Müharibəsində gücləndirilmiş rejimdə fəaliyyət göstərərək arxa cəbhəmizdə xalqımıza dəstək oldu. 44 gün davam edən haqq savaşımızda erməni faşizmi Xocalı Rayon Polis Şöbəsinin inzibati binasını da hədəf aldı. Xocalı polis əməkdaşlarından bəziləri hal-hazırda doğma Xocalının azad olan Çanaqçı, Sığnaq və digər kəndlərində xidmət aparırlar. Rayon polisləri koronavirus pandemiyası ilə mübarizə dönəmində də öz üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirib.
Dövlətə və dövlətçiliyə hər zaman sadəqət göstərən, Cənab Prezident İlham Əliyevin siyasətini dəstəkləyərək onun ətrafında sıx birləşən xocalılar inanır ki, tezliklə Xocalıya qayıdacaqlar. O zaman Xocalı Rayon Polis Şöbəsi də doğma Xocalıya köçürüləcək və polislərimiz fəaliyyətini Xocalıda davam etdirəcəkdir.