Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı Rayon İcra Hakimiyyəti başçısının 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirildi

23 yanvar 2026 | 09:36
     23 yanvar 2026-cı il tarixində Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Xocalı Rayon İcra Hakimiyyəti başçısının 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirildi. Rayon icra hakimiyyətinin akt zalında keçirilən tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovla yanaşı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 12-ci ərazi sektorunun müdiri Ziya Məmmədov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Məmmədov, idarə, müəssisə rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
     Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anıldı.
     Xocalı rayon İcra Hakimiyyətinin foyesində təşkil edilmiş Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xocalılarla görüşlərini əks etdirən sərgilərə, eləcə də Vətən müharibəsi və Antiterror əməliyyatlarına həsr olunmuş fotolara, həmçinin Ulu öndərin həyat və fəaliyyətinə, Şanlı Zəfər tariximizə həsr olunmuş kitablara baxış keçirildi.
     Akt zalında davam edən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət Himnimiz səsləndirildi.
     Şahmar Usubov hesabat məruzəsi ilə çıxış edərək ötən dövr ərzində rayonda həyata keçirilən sosial-iqtisadi layihələr, infrastrukturun inkişafı, əhalinin məşğulluğunun artırılması, sosial müdafiə tədbirləri, "Böyük Qayıdış" prosesi ilə ələqədar görülən tədbirlər və digər sahələr üzrə görülən işlər barədə geniş məlumat verdi. Qarşıdakı dövr üçün nəzərdə tutulan prioritet istiqamətlər, yeni layihələr və inkişaf perspektivləri də diqqətə çatdırıldı. Cənab başçı qeyd etdi ki, Xocalı rayonunun işğaldan azad edilmiş ərazilərində 2025-ci ilin məhsuldarlığı üçün meyvə bağlarındada müəyyən işlər görülmüşdür. Belə ki, Agro Lid, Zəfər bağları və Yard Agro tərəfindən 256 hektar nar bağından ümumilikdə 674.4 ton məhsul yığılmışdır. Agro Lid tərəfindən 3 hektar heyva bağından 0.41 ton məhsul, 9.89 hektar şaftalı bağından isə 23.89 ton məhsul yığılmışdır. Ümumilikdə Xocalı rayonunun işğaldan azad edilmiş ərazilərində müxtəlif şirkətlər tərəfindən 484 hektar meyvə bağlarında aqrotexniki işlər görülmüşdür. 2025-ci il ərzində Xocalı rayonunun Ballıca və Xanyurdu kəndlərinin sakinləri ilə torpaqların əkin məqsədli istifadəyə verilməsinə dair icarə müqavilələri imzalanmışdır.
     Rayonumuzun icra başçısı bildirdi ki, Xocalı rayonunun artıq 8 yaşayış məntəqəsi ilk sakinlərini qəbul etmişdir. Belə ki, ümumilikdə 881 ailə, 3602 nəfər, o cümlədən tarixi və strateji əhəmiyyətə malik olan Xocalı şəhəri də daxil olmaqla, doğma yurdlarına qayıtmışdır. Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində Xocalı şəhərinə 114 ailə (502 nəfər), Ballıca kəndinə 239 ailə (1058 nəfər), Təzəbinə kəndinə 139 ailə (609 nəfər), Xanyurdu kəndinə 123 ailə (431 nəfər), Şuşakənd kəndinə 114 ailə (428 nəfər), Badara kəndinə 58 ailə (220 nəfər), Daşbulaq kəndinə 35 ailə (138 nəfər), Seyidbəyli kəndinə isə 59 ailə (216 nəfər) mərhələli şəkildə köçürülmüşdür.
     Çıxış edənlər Şahmar Usubovun hesabat məruzəsini yüksək qiymətləndirdilər. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində əldə edilmiş Şanlı Qələbədən, ölkəmizin son illərdə qazandığı mühüm nailiyyətlərdən və inkişafından danışıdılar. Həmçinin iqtisadi tərəqqi, sosial rifahın yüksəlməsi və beynəlxalq arenada Azərbaycanın nüfuzunun artırılmasından hər vətəndaşın qürur duymasının vacibliyini vurğuladılar.
     Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 12-ci ərazi sektorunun müdiri Ziya Məmmədov hesabat məruzəsini nəzərə alaraq 2025-ci il ərzində görülən işləri qənaətbəxş hesab edib, öz tapşırıq və tövsiyələrini verdi.
     Daha sonra yığıncağın qərar layihəsi təqdim edilərək səsə qoyuldu və qəbul edildi. Daha sonra Xocalı rayon sakinləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə hazırlanmış müraciət oxundu.
     Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən, həmçinin idman və digər sahələrdə nailiyyətlər əldə edən şəxslər rayon Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif edildilər.
Keçidlər