Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı rayon məktəblərində erkən və qohumlararası nikahın mənfi təsirlərinə dair maarifləndirici tədbirlər davam etdirilir

14 noyabr 2022 | 10:52
     Noyabrın 14-də Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Goranboy rayonu Yeni Yaşayış massivində fəaliyyət göstərən Xocalı rayon ümumtəhsil müəssisələrində təhsil alan şagirdlər, onların valideynləri və həmin məktəbin pedoqoji kollektivi ilə “Erkən və qohumlararası nikahın fəsadları” mövzusunda maarifləndirici görüş keçirildi. Görüşdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Lamiyə Qarayeva, "Xocalı Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru Aqil Məmmədov, Xocalı RPŞ-nin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru Tural Xəlilov, Qarabağ Regional Təhsil İdarəsinin Xocalı və Xocavənd təhsil sektorunun metodisti Nəvai Həsənov, Xocalı Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elmin Abdullayev, Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Qalib Quliyev mövzu ətrafında çıxışlar etdilər. 
     Tədbiri giriş sözü ilə açan Lamiyə Qarayeva cəmiyyətdə erkən nikahların yaranma səbəblərindən və bu halların qarşısının alınması istiqamətində görüləcək işlərdən, erkən nikahların mənfi nəticələri haqqında danışdı. Bildirdi ki, erkən nikahlar məişət zorakılığının bir təzahürüdür. Ölkəmizdə erkən nikah və onun doğurduğu fəsadlar hər zaman diqqətçəkən mövzulardan olub. Erkən nikahların qarşısının alınması üçün güclü normativ huquqi baza mövcuddur. Qanunvericiliyə əsasən, 18 yaşına çatmış şəxslər evlənmək və ailə qurmaq hüququna malikdirlər. Erkən nikah - ailə anlayışı və həyatı hələ kifayət qədər dərk etməmiş, psixoloji cəhətdən ailə quracaq qədər formalaşmamış yeniyetmələr ilə bağlanan nikahdır. Erkən nikaha razılıq verən valideynlər onun mənfi tərəflərini də düşünməlidir. 
     "Xocalı Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru Aqil Məmmədov erkən nikahın və hamiləliyin zərərlərindən danışaraq bildirdi ki, bu cür nikahlardan sonra doğulan körpənin də, ananın özünün də həyatı təhlükədə olur. Erkən nikahların yaratdığı daha bir problem də cəmiyyət üçün sağlam olmayan nəslin yetişməsi, əlilliyi olan uşaqların doğulmasıdır. Qızların 18 yaşdan tez nikaha daxil olmaları onları fiziki, cinsi və psixoloji zorakılıq qurbanına çevirə bilər.
     Xocalı RPŞ-nin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru Tural Xəlilov məruzə ilə çıxışında erkən nikahların qarşısının alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəaları diqqətə çatdırdı. Qeyd etdi ki, qız övladlarının məktəbdən yayındırılaraq erkən nikaha cəlb edilməsi probleminin həlli istiqamətində əlaqədar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi qaçılmazdır. Bu prosesdə iştirak edən valideynlər də, əlaqədar şəxslər də özlərində məsuliyyət hiss etməli və hüququn aliliyindən kənarda qalmamalıdırlar.
     Qarabağ Regional Təhsil İdarəsinin Xocalı və Xocavənd təhsil sektorunun metodisti Nəvai Həsənov çıxışında erkən nikahın fəsadlarının qarşısının alınması istiqamətində maarifləndirmə işinin vacibliyini diqqətə çatdıraraq bildirdi ki, bu kimi tədbirlər mütəmadi keçirilməli, sosial-psixoloji dəstəyə ehtiyacı olan qız uşaqlarına diqqət daha da artırılmalı və onların cəmiyyətə adaptasiya olunması yolunda səylər gücləndirilməlidir. Orta məktəblərdə davamlı təlimlər, seminarlar təşkil olunmalı, xüsusilə qızların təhsilə cəlb edilməsi istiqamətində vacib addımlar atılmalıdır.
     Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Qalib Quliyev Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın erkən nikahların qarşısının alınması, narkomaniya ilə mübarizədə rayonumuzun digər aidiyyəti idarələrlə birgə maarifləndirici tədbirlərin təşklilini müsbət qiymətləndirərək qeyd etdi ki, görülən işlərin nəticəsi olaraq rayonumuzda bu kimi hallar yoxdur. Erkən nikaha daxil olan qızları yaz gəlməmiş günəşin aldadıcı istisindən həvəslənərək çiçək açan güllərə, onların sonrakı taleyini isə şaxtadan ləçəkləri donaraq məhv olan çiçəklərə bənzədən Qalib Quliyev şagirdlərin əsas vəzifələrinin yaxşı oxumaları, dövlətimiz üçün layiqli vətəndaş kimi yetişmələri olduğunu vurğuladı.
     Tədbirdə erkən nikah və onun fəsadları mövzusunda videoçarxlar nümayiş etdirildi.
Keçidlər