Xocalı rayonunun 12 tam orta məktəbində 142 məzun üçün "Son zəng" çalındı
14 iyun 2022 | 16:01
İyunun 14-də Respublikamızın bütün ümumtəhsil məktəblərində olduğu kimi, Xocalı rayon tam orta məktəblərində də ənənəvi “Son zəng” tədbirləri təntənəli şəkildə keçirildi. Xocalı şəhər 4 saylı tam orta məktəbinin “Son zəng” tədbirində Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov da iştirak etdi.
Əvvəlcə Dövlət Himni səsləndirildi, şəhidlərimizin əziz xatirəsi yad olundu.
Şahmar Usubov çıxış edərək dövlət və dövlət başçısı tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan söz açdı. Bildirdi ki, rayonumuzun şagirdləri ildən-ilə ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr əldə edir. “Son zəng” günü münasibətilə məzunları təbrik edən rayon icra başçısı onlara müstəqil həyatda uğurlar arzuladı.
Sonra tədbirdə bir-birindən maraqlı vətənpərlik ruhunda kompozisiyalar nümayiş olundu, məzunlar məktəb haqqında mahnılar ifa etdilər.
“Son zəng” çalındıqdan sonra "Bilik açarı"nı birincilərə təhvil verən məzunlar məktəbə əlvida dedilər.
Son zəng tədbirlərində Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, rayon icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə rəhbərləri və digər təhkim olunmuş ziyalılar iştirak etdilər.
Qeyd edək ki, Xocalı rayonunun 12 tam orta məktəbində 142 məzun üçün "Son zəng" çalındı.