Xocalı rayonunun ümumtəhsil müəssisələrində “Xocalı Soyqırımı”nın 32-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib
26 fevral 2024 | 11:39
Xocalı rayonunun ümumtəhsil müəssisələrində “Xocalı Soyqırımı”nın 32-ci ildönümü ilə əlaqədar tədbirlər, “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, “açıq dərs”lər, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib. Xocalı faciəsi qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyu uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərə Xocalı rayonunda 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə dinc əhaliyə qarşı törədilmiş vəhşilik barədə şəkillər və məqalələr vasitəsilə geniş məlumat verilib.
Məktəb rəhbərliyi və şagirdlər Xocalı soyqırımı abidələrini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Tədbirlərin keçirilməsində məqsəd gənc nəsli vətənpərvər ruhda tərbiyə etmək, gələcəyimiz olan şagirdlərə tariximizi mənimsətmək, qan yaddaşımıza yazılan bu faciəni bir daha xatırlamaq və vətən uğrunda şəhid olan oğul-qızlarımızı heç zaman unutmamaqdır.
Şagirdlər “Xocalı Soyqırımı”na həsr edilmiş şeirlər, bayatılar, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.Həmçinin şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri keçirilib, sənədli və bədii filmlər nümayiş olunub.