Şriftin ölçüsü :

Saytın rəngi :

"Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsində Heydər Əliyevin tarixi rolu" mövzusunda tədbir keçirildi

21 fevral 2023 | 10:25
     Fevralın 21-də Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış 600 ailəlik qəsəbədə fəaliyyət göstərən Kosalar kənd Mədəniyyət Evində "Heydər Əliyev İli" çərçivəsində xocalı rayon İcra Hakimiyyətiin Tədbirlər Planına uyğun olaraq "Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsində Heydər Əliyevin tarixi rolu" mövzusunda tədbir keçirildi.
     Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti Başçısının müavini Lamiyə Qarayeva, icra hakimiyyəti aparatının məsul şəxsləri, Kosalar kənd İƏD-si üzrə nümayəndəliyinin əməkdaşları, qəsəbədə fəaliyyət göstərən idarə və müəssisələrin işçiləri, şəhid ailələri,  Vətən müharibəsi iştirakçıları və sakinlər iştirak etdilər.
     Tədbir iştirakçıları əvvəlcə qəsəbədə ucaldılmış "Ana harayı" abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzdülər, şəhidlərimizin ruhuna dualar oxudular.
     Kosalar kənd Mədəniyyət Evində davam edən tədbirdə Dövlət Himnimiz səsləndirildi. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. 
     Xocalı soyqırımı zamanı hər iki valideyni şəhid olmuş 25 uşaqdan biri, təsadüf nəticəsində erməni gülləsindən yayınaraq həyatda qalmış və girov düşməmiş Şahin Əzimov həmin dəhşətli gecəni dərin kədər hissi ilə yada salaraq dinc əhalinin başına gətirilən faciələrdən danışdı. 
     Vətən müharibəsi şəhidi Əlzamin Ramazanlının anası Adilə Ramazanova çıxışında şəhadət şərbətini içmiş oğlu haqqında xatirələrini bölüşdü. Qisas hissi ilə böyüyən neçə-neçə qəhrəman oğullarımızın hünəri ilə torpaqlarımızın azad olunduğunu, Vətən müharibəsində Xocalı cəlladlarının da məhv edildiyini bildirən Adilə ana bu gün Xocalı soyqırımı şəhidlərinin ruhlarının rahatlıq tapdığını vurğuladı.  
     Tədbirdə çıxış edən Lamiyə Qarayeva bildirdi ki, erməni quldurlarının Xocalıda soyqırım törətməklə Azərbaycan xalqının gözünü qorxutmaq, mübarizə əzmini qırmaq məqsədləri vardı. Təəssüf ki, mənfur qonşularımız Xankəndində yerləşən 366-cı motoatıcı alayın köməkliyi ilə Xocalını işğal etdilər və bəşər tarixində ən dəhşətli soyqırımı törətdilər. 
     Lamiyə Qarayeva qeyd etdi ki, torpaqlarımız işğala məruzə qalsa da, xalqımızın başına müsibətlər gətirilsə də, xalq öz əqidəsindən, mübarizliyindən dönmədi. Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıtması ilə Azərbaycan xalqı öz amallarını həyata keçirmək üçün yeni uğurlu yola qədəm qoydu. Xocalı soyqırımına ilk hüquqi-siyasi qiymət məhz Ümummilli lider Heydər Əliyev tərəfindən vermişdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır.
     Sonra çıxış edən natiqlər - Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şəhriyar Quliyev, Xocalı rayon İcra Hakimiyyəti başçısının Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev, Vətən müharibəsi iştirakçısı Elmin Abdullayev Xocalı soyqırımından bəhs etdilər. Ulu öndər Heydər Əliyevin xocalılara diqqət və qayğısından danışdılar. Ata vəsiyyətini yerinə yetirən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun Vətən müharibəsində əldə etdiyi Böyük Zəfərin tarixlərdən silinməyəcək qəhrəmanlıq salnaməsi olduğunu bildirdilər.
     "Xocalının səsi" qəzetinin redaktoru Qalib Bəyməmmədoğlu çıxışında vurğuladı ki, "Xocalıya ədalət" beynəlxalq təbliğat kampaniyasının şüarı altında işıq üzü görən rayonunun ictimai-siyasi qəzeti mütəmadi olaraq öz səhifələrində və qəzetin xocalininsesi.info adlı saytında Xocalı soyqırımı haqqında yazılar, girovluqda olan sakinlərdən alınan müsahibələr işıqlandırılır. Xocalı soyqırımı haqqında ilk dəfə yazılı məlumat verən mətbuat orqanlarından biri də "Xocalının səsi"dir. 
     Qalib Bəyməmmədoğlu bəşər tarixində ən dəhşətli soyqırım aktlarından birinə məruz qalmış xocalıların bu faciənin sarsıntısından sabaha ümidlərini itirmiş vəziyyətdə xalqımızın nicat yolunu dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışında gördüyünü vurğuladı. Qeyd etdi ki, buna misal olaraq Xocalı soyqırımından 4 gün sonra - mart ayının 2-də Ağdam şəhərində Xalq Cəbhəsi binasının qarşısında böyük mitinq təşkil olunan zaman Şükür Bəşirovun ailə üzvləri ilə birgə həmin mitinqdə iştirakını və çıxışını göstərmək olar. Mitinqdə çıxış edən Şükür Bəşirov qətiyyətlə "Azərbaycanı bu bəladan ancaq Heydər Əliyev qurtara bilər. Əgər Azərbaycan xalqı özündə iradə tapıb Heydər Əliyevi hakimiyyətə gətirməsə, Laçın və Şuşa işğal olunacaq" şüarlarını səsləndirib. 
     Ulu Öndər Heydər Əliyev Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Xocalı sakinlərinin bir qrupu ilə görüşdə xocalıların dərdinə şərik olmuş, müsibətlər nəticəsində sarsıntılar keçirmiş xocalılara mənəvi dayaq olmuşdur.
     Daha sonra şagirdlər Qalib Bəyməmmədoğlunun xocalıların Ağdamın Şəhidlər Xiyabanında doğmalarının viran edilmiş qəbirlərini ziyarət edərkən gördüyü mənzərəni poetik dildə təsvir etdiyi "Salam itkin ruhlar, viran qəbirlər" adlı şeirini səsləndirdilər.
     Sonda Xocalı soyqırımı ilə bağlı və Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş guşəyə baxış keçirildi.
Keçidlər