Xocalı Soyqırımının 33-cü ildönümü ilə bağlı anım tədbiri keçirildi
26 fevral 2025 | 10:52
Xocalı soyqırımının 33-cü ildönümü Xocalı sakinlərinin kompakt şəkildə məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində qeyd olunub.
Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, idarə, müəssisə rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər əvvəlcə qəsəbə ərazisində ucalan Xocalı faciəsi qurbanlarının abidəsini ziyarət edib, önünə qərənfillər düzüblər. Faciə qurbanlarının anım tədbiri Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı rayon Mədəniyyət evində davam etdirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov və digər natiqlər 33 il öncə baş verən faciənin heç zaman unudulmayacağını bildiriblər. Onlar qarlı şaxtalı fevral gecəsində dinc sakinlərə, uşaq, qoca demədən hər kəsə dəhşət yaşadan ermənilərin törətdikləri vəhşiliklərdən ürək ağrısı ilə danışıblar. O da bildirilib ki, artıq şəhidlərin ruhu şaddır, artıq Xocalı azaddır, Xocalı öz doğma sakinlərini qarşılıyır.
Anım tədbirində müəllifi Mübariz Əsgərov olan Xocalı itkinlərinin naməlum taleyindən bəhs edən “13” adlı bədii-sənədli film nümayiş etdirilib. Film 1992-ci ilin fevralında Xocalıda baş verən hadisələrə işıq salır. Filmdə həmin şəxslərin ailə üzvləri və yaxınları, hadisələrin canlı iştirakçıları ilk dəfə təfərrüatları açıqlayır.