Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalılar Anım Günündə şəhidlərimizin xatirəsini izdihamla yad etdilər

27 sentyabr 2023 | 11:55
    27 sentyabr Azərbaycanda Anım Günüdür. Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
     Bu gün səhər saatlarından başlayaraq respublikamızın bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, xalqımız Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini qürurla yad edir.
     27 Sentyabr -Anım Günündə Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin xatirəsi Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşmış xocalılar tərəfindən də dərin hörmət və ehtiramla yad edildi. Anım Günündə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, millət vəkili Elman Məmmədov, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının üzvləri, rayonun idarə, müəssisə, hüquq-mühafizə orqanları rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak etdilər.
     Mərasim iştirakçıları əvvəlcə qəsəbədə ucaldılmış “Xocalı soyqırımı” abidəsini ziyarət edərək abidə önünə qərənfillər düzdülər. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
     Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva mənfur qonşularımızın torpaqlarımıza qarşı yürütdüyü işğalçılıq siyasətindən söz açdı. Bildirdi ki,  ATƏT-in Minsk qrupu 30 ilə yaxın bir müddətdə münaqişənin dinc yolu ilə tənzimlənməsi istiqamətində heç bir addım atmadı. Azərbaycan xalqı bu işğalla heç cür barışa bilməzdi. Aprel döyüşləri, Günnüt əməliyyatı, Tovuz döyüşləri xalqımızın qisasa hər zaman hazır olduğunun nümayişi idi. Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qüdrətli ordumuz 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. Bu şanlı tarix şəhidlərimizin qanı, canı bahasına yazıldı. Biz şəhidlərimizin hünəri hesabına Şanlı zəfər tarixini yaşayırıq. 
     Sonra Azərbaycanın Milli Qəhrəmanı Araz Səlimovun bacısı, erməni əsirliyində olmuş Xumar Səlimova çıxış edərək bildirdi ki, 27 sentyabr tarixi həm Allahın cənnətilə müjdələdiyi şəhidlərimizin anım günü, həm də şanlı zəfər tariximizin başlandığı gündür. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə ilə Xocalı qisası da alındı. Vaxt var idi, qüssə ilə göz yaşları axıdırdım. İndi qürur və fəxr hissi ilə yaşayıram. İgidlərimiz şəhidlərimizin qanlarını yerdə qoymadı, Xocalı müsibətinin əvəzi döyüş meydanında alındı. Qəhrəman oğullarımız bizim alnımızı açıq, başımızı uca etdilər. Şükür Allaha, şükür bu günlərə...
     Daha sonra II Qarabağ müharibəsi iştirakçısı, "Suqovuşanın azad olunması", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmiş, gənc Prezident təqaüdçüsü Məmmədli Şamil Kamil oğluna söz verildi. Şamil Məmmədli 27 Sentyabr tarixinin Anım günü kimi qeyd olunsa da, Zəfər tariximizin başlanğıcı olduğunu qeyd etdi. Bildirdi ki, zəfərlə biz Ermənistanın 30 illik işğalına son qoyduq, məğlubiyyət damğasını üzərimizdən götürdük. Torpaqlarımızı azad etməklə həm də bütün dünyada yenidən tanındıq, özü də bu dəfə qalib dövlət, qalib xalq kimi. Bu qələbə təkcə ordunun qələbəsi deyildi. Bu qələbə xalqın qələbəsi idi, bu qələbə irəlidə döyüşən oğullarla bərabər, arxa cəbhədə fədakarlıq göstərən sadə insanların qələbəsi idi. Təhlükəsizliyimizi təmin edən polislərimizin, bizə dualar edən ana-bacıların və əsgərə məktub yazan körpələrin qələbəsi idi. 
     Sonra "Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru, "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin Gəncə regional bölməsinin sədri Aqil Məmmədov çıxışında Birinci Qarabağ müharibəsi zamanı vahid komandanlığın, xalqın, dövlətin birliyinin olmadığına görə torpaqlarımızın günbəgün, saatbasaat itirildiyini vurğuladı. Diqqətə çatdırdı ki, şükürlər olsun ki, xalqımızın xilaskar oğlu, tarixi şəxsiyyət, əbədiyaşar lider Heydər Əliyev 1993-cü ilin iyulunda xalqın təkidi ilə hakimiyyətə qayıtdı. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra torpaqlarımızın işğalının, qırğınların qarşısı alındı. Müvəqqəti olaraq atəşkəs elan edildi. Bu atəşkəsdən sonra Azərbaycan dövlətinin quruculuğuna, Silahlı Qüvvələrimizin yaradılmasına başlanıldı. Azərbaycanın siyasəti, iqtisadiyyatı gündən-günə inkişafa doğru getdi. Ulu öndərimizin layiqli davamçısı İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan xalqı, Azərbaycan gəncliyi güclənərək Zəfər tarixi yazdı.
     Millət vəkili Elman Məmmədov çıxışında bildirdi ki, Ulu öndər deyirdi ki, Azərbaycan xalqı müdrik, cəsarətli, qəhrəman xalqdır. 44 günlük müharibədə və bu günlərdə keçirilən antiterror tədbirlərində biz bunu sübut etdik. Ali Baş Komandanımızın, Ordumuzun şəxsində müdrikliyimizi, cəsarətimizi, qəhrəmanlığımızı da sübut etdik. Qədim türk deyimindəki kimi, bizim heç kimin torpağında gözümüz yoxdur, amma torpağımıza göz dikənin gözünü çıxardarıq, torpağımıza əl uzadanın əlini kəsərik. Biz, bunu da sübut etdik. Erməni bütün əməlləri ilə təsdiq etdi ki, onlar adam ola bilməz. Tarix bizə necə günlər göstərir. Doğma torpaqlarımızdan nə cür didərgin salmışdılar, nə zülümlər vermişdilər, bu gün həmin zülümləri özləri çəkir. Haqq özünü göstərdi. Torpaq o zaman Vətən olur ki, onun üzərinə şəhid qanı tökülsün. Şəhidi olmayan Vətən, şəhidi olmayan millət, nə Vətən ola bilməz, nə millət ola bilməz. Biz qürurla, fəxrlə şəhidlərimizi anırıq. Şəhidlərimizə Allahdan rəhmət diləyirik. 
     Yekun olaraq çıxış edən Rayon İcra hakimiyyətinin başçısı Şahmar Usubov bilirdi ki, biz, Azərbaycan xalqı olaraq 200 il ərzində torpaqlarımızın itirilməsi bəlasını yaşayırdıq. Yəni, Gülüstan, Türkmənçay müqavilələrindən sonra torpaqlarımız parçalanmağa başladı. O vaxtdan indiyədək başımıza nə qədər bəlalar gəlib, nə qədər itkilərimiz olub. Torpaqlarımızı, yurd-yuvamızı itirimişik. Azərbaycan dövlətini xəritədən silmək istədilər. Son müharibəyə hazırlaşan ermənilər və onların havadarları yenə bu amal üçün çalışdılar. Ancaq Azərbaycan Vətən Müharibəsində 200 il ərzində itirdiyi torpağı qaytarmağa nail oldu. Bunun hamısı Azərbaycan xalqının milli inkişafı, xalq-ordu, xalq-rəhbər arasında birlik nəticəsində oldu. Sakinlər Qarabağa, Şərqi Zəngəzura qayıdırlar. Bu qayıdışı görəndə sevinirik, qürur hissi keçiririk, kövrəlirik. Biz də öz növbəmizi gözləyirdik ki, nə vaxt doğma yurdumuza qayıdacağıq. 
     Bu gün şəhidlərimizin ruhları şaddır. Torpaqlarımızın azadlığını görmək arzusu ilə dünyadan köçmüş soydaşlarımızın ruhları şaddır. Çünki 19 sentyabrda keçirilən antiterror tədbirləri nəticəsində Qarabağda suverenliyimiz bərpa olundu. Biz də fəxrlə deyirik ki, Xocalımız azaddır.
Keçidlər