Xocalılar baharın gəlişini sevinclə və xoş arzularla qarşıladılar
17 mart 2023 | 11:50
Novruz bayramı halallıq, təmizlik bayramıdır. Novruza bir ay qalmış adamlar dörd çərşənbə axşamını qeyd edirlər. Bu çərşənbələrin hər biri insanların yaşaması, bütün həyatın varlığı üçün vacib olan dörd ünsürdən birinə - od, torpaq, su və yelə həsr olunur. Bu da Novruzun dünyanın ən qədim, ən müdrik bayramlarından biri olduğunu göstərir. İllər uzunu yurdumuzda Novruzla bağlı bir-birindən gözəl adət-ənənələr formalaşıb və bu ənənələr nəsildən-nəslə ötürülüb. Xalqımızın qədim adət və ənənələrindən biri olan Novruz bayramını xocalılar da təntənə ilə qeyd edirlər.
Martın 17-də xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Xocalı rayon İcra Hakimiyyətinin və Xocalı rayon Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə keçirilən “Yurdumuza bahar gəlir, xoş gəlir” Novruz bayramı şənliyində Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin kollektivləri, şəhid ailələri, qazilər, "N" saylı hərbi hissənin əsgərləri, məktəblilər və rayon ictimaiyyəti iştirak etdilər.
Əvvəlcə xalqımızın qədim adət-ənələrini özündə əks etdirən sərgilərə, milli oyunumuz olan dirədöyməyə, xoruz döyüşünə, ipdartma yarışına baxıldı. İdmançılar məharətlərini göstərdilər. Yumurta döyüşdürüldü. Süvarilər at üstündə Şanlı Bayrağımızı qaldıraraq dövrə vurdular. Bayram süfrəsi açıldı.
Tədbirdə çıxış edən rayonumuzun rəhbəri Şahmar Usubov bildirdi ki, türk dünyasının ən qədim bayramlarından biri olan Novruz bayramı bizə ulularımızdan yadigar qalıb. Novruz bayramına sovet dövründə qadağalar qoyulsa da, xalqımız Novruz adət-ənənələrini davam etdirib. Novruz bayramının qədim adət-ənələrini yaşatmalıyıq. Bu bayram Azərbaycan xalqı üçün bir barışıq bayramıdır, milli birlik bayramıdır. Təzə ilin, yeni məhsulun əmələ gəlməsinin başlanğıcıdır.
Şahmar Usubov fikirlərinə əlavə etdi ki, ötən əsrin əvvəllərində, əziz bayram ərəfəsində xalqımızın başına mənfur qonşularımız tərəfindən mart soyqrımı gətirildi. Biz başımıza gətirilən müsibətləri də unutmuruq, milli bayramlarımızı da yüksək səviyyədə qeyd edirik. Hər Novruz bayramında arzu edirdik ki, Allahdan qismət olsun növbəti bayram tonqalımızı Qarabağda alovlandıraq. Allaha şükürlər olsun ki, bu arzumuz yerinə yetirildi. Bu gün işğağldan azad olunmuş torpaqlarımızda bayramlarımız qeyd edilir. Ulu öndərimiz Heydər Əliyev xalqımızı həmişə əmin edirdi ki, işğal olunan torpaqlarımıza qayıdacağıq. Şuşamıza, Laçınımıza, Kəlbəcərimizə və digər işğal olunan bütün torpaqlarımıza qayıdacağımızı vurğulayırdı. Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbə ilə torpaqlarımızı düşmən tapdağından azad etdik. Cənab Prezidentimiz Böyük zəfərimizdən sonra ilk Novruz tonqalını mədəniyyət paytaxtımız olan Şuşamızda alovlandırdı. Müzəffər Ali Baş Komandanımız Novruz bayramı tonqallarımızı ardıcıl olaraq işğaldan azad olunan torpaqlarımızda alovlandıracaq.
Novruz bayramı tonqalının birlik rəmzi olduğunu diqqətə çatdıran Şahmar Usubov qeyd etdi ki, necə ki, 44 günlük haqq savaşımızda xalqımız Ordumuz, Cənab Prezidentimizlə bir arada oldu, bundan sonra da tarixi amalımız uğrunda xalqımız həmrəylik göstərəcək. Çünki başladığımız zəfər yolunu, haqq işimizi sonuna qədər davam etdirmək üçün, özümüzə aid olanı qaytarmaq üçün milli birliyimizi daim qorumalıyıq.
Çıxışının sonunda tədbir iştirakçılarına, xalqımıza təbriklərini çatdıran Şahmar Usubov millətimizə sevincli günlər, əmin-amanlıq arzuladı.
Sonra Novruz bayramının rəmzi olan tonqalı Rayon İcra hakimiyyətinin başçısı Şahmar Usubov alovlandırdı.
Bayram şənliyində milli geyimlərdə oğlanlar və qızlar rəqs etdilər. Bayramın rəmzlərindən olan Kosa və Keçəl gülməli səhnələrlə öz məharətlərini göstərdilər.
Novruz şənliyində rayonumuzun mədəniyyət işçiləri - Vüsalə Hümbətova, Flora Cavadova, İsmayıl Məmmədov, Nəsif Quliyev Novruz bayramına aid və milli ruhda bəstələnmiş mahnılar ifa etdilər.
Xalqımızın ən gözəl bayramlarından biri olan Novruz bayramı şənliyi xoş ovqatla başa çatdı. Bayram şənliyində hər kəsin dilində bu arzu vardı: - İnşallah gələn Novruz bayramında Xocalıda, Xankəndində bayram tonqalı alovlandıraq.