Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalılar qayıdışa hazırlaşır” mövzusunda dəyirmi masa keçirildi

07 noyabr 2023 | 12:18
     Noyabrın 7-də Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı Rayon Mədəniyyət Evində “Xocalılar qayıdışa hazırlaşır” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxsləri, ziyalılar, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları iştirak etdilər. 
     Tədbiri giriş sözü ilə açan Lamiyə Qarayeva 44 günlük haqq savaşımızdan danışaraq bildirdi ki, xalqımızın ordumuza, Prezident İlham Əliyevin qətiyyətli siyasətinə inamı, birliyi nəticəsində 200 illik tarixi dəyişməyə nail olduq. Vətən müharibəsində 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızı işğaldan azad etdik. Bu gün qürurverici haldır ki, şanlı bayrağımız azad olunmuş torpaqlarımızda dalğalanır. 2020-ci ilin 27 sentyabrında düşmən təxribatlarına qarşı başlanan əks-həmlə əməliyyatı böyük qələbəmizlə yekunlaşdı. Bu il sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Prezident İlham Əliyev öz Prezidentliyinin 20-ci ilinin tamam olduğu gündə bayrağımızı Xocalıda, Xankəndidə dalğalandırması sübut etdi ki, onun fəaliyyətinin prioritet hissəsi olan xalqın mənafeyi ilə bərabər, Qarabağın azadlığı və suverenliyimizin bərpası idi. Cənab Prezidentimiz qətiyyətli siyasəti ilə xalqın ona olan etimadını doğrultdu. 
     Dövlətimizin hər zaman öz əsgərinin yanında olduğunu vurğulayan Lamiyə Qarayeva şəhid ailələrinin, qazilərin sosial problemlərinin həll ounması istiqamətində mühüm işlər görüldüyünü qeyd etdi. 
     Sonra şəhid ailəsi Elmira Allahverdiyeva çıxış edərək Xocalı soyqırımında ağır itkilər verməsinə baxmayaraq, bu gün qürur dolu bir gün yaşadığını dedi. Şəhidlərimizin qanlarının töküldüyü torpaqlarımızın düşmən tapdağından azad edildiyi üçün bütün şəhid ailələrinin mənən rahatlıq tapdığını bildirdi.
     Aprel döyüşləri və Vətən Müharibəsi iştirakçısı, qazi Soltan Cəfərov çıxışında öz döyüş yolundan bəhs edərək xalqımızın böyük zəfəri ilə fəxr hissi keçiridiyini vurğuladı. 
     Yekunda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Vətən müharibəsindəki şanlı Qələbədəki roluna həsr etdiyi “Qartal Zirvədə” sənədli filminin təqdimatı oldu. 
Keçidlər