Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalılar Ulu öndərin doğum gününü ehtiramla qeyd etdilər

10 may 2025 | 11:52
     10.05.2025-ci il tarixdə Xocalı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən “Heydər” parkında Ulu öndərin büstü önünə gül dəstələri düzdülər. Tədbirin rəsmi hissəsi Xocalı rayon Mədəniyyət evində davam etdi. Tədbirdə Xocalı rayon İcra hakimiyyətinin başçısı Şahmar Usubov, YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev, İHB Aparatının məsul şəxsləri, idarə, təşkilat, müəssisə nümayəndələri, müharibə iştirakçıları, qazilər, şəhid ailələri və rayon ictimaiyyəti iştirak etmişdir.
     Tədbiri giriş sözü ilə açan İHB-nın müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiə Qarayeva bildirmişdir ki, bu gün müasir, demokratik dövlətimizin varlığı Ulu öndərin vaxtilə atdığı uzaqgörən, məqsədyönlü addımların nəticəsidir. Belə ki, 20-ci əsrin 90-cı illərində  müstəqilliyimizin yenicə əldə olunduğu olduqca mürəkkəb və ağır bir siyasi dövrdə Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi bu gün müstəqil, demokratik, azad və suveren bir Azərbaycan reallığından söhbət belə gedə bilməzdi. Bu gün istənilən sahədə əldə olunmuş uğurlar: hərbi güc, iqtisadi güc, enerji təhlükəsizliyi, beynəlxalq aləmdə əldə olunmmuş nüfuzumuz Ümummilli liderin qətiyyətli, uzaqgörən dövlətçilik və idarəçilik təcrübəsinin əsəridir.
   Daha sonra çıxış edən natiqlər qeyd etdilər ki, müstəqilliyimiz və suverenliyimizin təhlükə altına alındığı 1990-cı illərin əvvəllərində yalnız Heydər Əliyevin dərin siyasi dünyagörüşünün nəticəsində ölkədə xaos aradan qaldırıldı, vətəndaş müharibəsinə son qoyuldu, dövlətimiz parçalanma təhlükəsindən xilas oldu və müstəqilliyimiz faktiki olaraq qorunub saxlanıldı.
     Sonda çıxış edən Rayon İcra hakimiyyətinin başçısı Şahmar Usubov məhz özünün də həmin o dövrün şahidi, həmçinin iştirakçısı olduğunu bildirmiş və Heydər Əliyev siyasətinin bütün dünya liderlərinə örnək olacaq bir siyasət olduğunu vurğulamışdır. Bildirmişdir ki, Heydər Əliyev bizə təkcə müstəqil dövlət yox, eyni zamanda milli birlik, həmrəylik və gələcəyə inam hissini miras qoymuşdur. Heydər Əliyev irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması bizim təkcə mənəvi yox, həm də vətəndaşlıq borcumuzdur. Bu gün qürurverici bir haldır ki, Ulu öndərin siyasi kursu onun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
     Daha sonra Xocalı rayon Mədəniyyət evinin təşkilatçılığı ilə Ümummilli liderə həsr olunmuş konsert proqramı rayon ictimaiyyətinə nümayiş etdirilmişdir.
Keçidlər