Zəfər Gününü xocalılar böyük coşqu ilə qeyd etdilər
Noyabrın 8-də respublikanın bütün ərazilərində olduğu kimi, Zəfər Günü xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində də böyük coşqu ilə qeyd edilir.
Xocalı rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və ictimaiyyətin çoxsaylı nümayəndələri xalqımızın xilaskar oğlu Ulu öndər Heydər Əliyevin qəsəbədə ucaldılmış abidəsini ziyarət edərək üzərinə tər çiçəklər düzdülər.
Xocalı rayon Mədəniyyət Evində davam edən tədbirdə ilk olaraq Dövlət Himnimiz səsləndirildi, sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov bildirdi ki, Azərbaycanın şanlı tarixinə parlaq, qürurverici 8 noyabr günü qızıl hərflərlə daxil oldu. Uzun illər xalqımız bu tarixi, ədalətin təntənəsini gözləyirdi. 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi.
Bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan Müzəffər Ali Baş Komandanımıza, qüdrətli ordumuza, qəhrəman şəhidlərimizə, qazilərimizə borcluyuq. Şahmar Usubov Vətən Müharibəsində keçmiş cəbhə bölgəsində müvəqqəti məskunlaşan Xocalı sakinlərinin, eləcə də idarə, müəssisələrdə çalışan insanların fədakarlığından söz açaraq hər kəsin qələbəmiz naminə əlindən gələni etməyə çalışdığını vurğuladı.
Tədbirdə Xocalı şəhər 1 və 3 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri Zəfər Günü münasibətilə konsert proqramı ilə çıxış etdi. Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi məktəbinin şagirdləri bədii kompozisiya nümayiş etdirdilər, vətənpərlik ruhunda mahnılar ifa etdilər.
Konsert proqramı “Qarabağ şikəstəsi” ilə başa çatdı.