Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirildi.

21 avqust 2017 | 16:00

18.07.2017-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin akt zalında Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubovun 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirildi. Hesabat iclasında Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, müəssisə, idarə rəhbərləri və rayon ziyalıları iştirak etdilər.
       Hesabat iclasında gündəlikdə duran iki məsələ - İşsizliyin aradan qaldırılması istiqamətində görülən işlər haqqında və Aşağı Ağcakənd, Yuxarı Ağcakənd, Meşəli və Börü qəsəbələrinə verilən içməli su təminatı haqqında məsələlər müzakirə olundu.
      Rayonumuzun başçısı cənab Şahmar Usubov ölkə prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yrısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab Prezidentin giriş nitqini geniş məruzə ilə tədbir iştirakçılarına çatdırdı. Şahmar Usubov bildirdi ki, Cənab Prezident iclasda yekun nitqində demişdir ki, uğurlu iqtisadi islahatları və iqtisadi siyasətimizi davam etdirmək üçün əlbəttə ki, maliyyə və iqtisadi sabitlik olmalıdır. Bu əldə edilibdir. İlin əvvəlindən makroiqtisadi vəziyyət sabitdir. Düzdür, ilin ilk aylarında qiymət artımı müşahidə olunurdu. Ancaq son aylar ərzində demək olar ki, qiymətlər sabitləşib. İstehlak qiymətlərinə daim nəzarət olmalıdır ki, süni qiymət artımına yol verilməsin. Buna heç bir əsas yoxdur. Çünki makroiqtisadi sabitlik təmin olunur. Manatın məzənnəsi neçə aydır ki, sabitdir. İdxaldan asılılıq azalır və tələbat daha çox yerli istehsal hesabına ödənilir. Bir sözlə, makroiqtisadi sabitlik məsələləri həmişəki kimi diqqətdə olacaq və əminəm ki, ilin sonuna qədər hər hansı bir problem olmayacaq. Mən artıq qeyd etdim, bizim valyuta ehtiyatlarımız artır, xarici ticarət dövriyyəsinin müsbət saldosu 6 ayda təxminən 2 milyard dollara yaxındır. Ona görə, bizim kifayət qədər güclü iqtisadi imkanlarımız və valyuta ehtiyatlarımız var. Azərbaycan adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə qabaqcıl ölkələr sırasındadır. Valyuta ehtiyatlarının dövlət xarici borcuna olan nisbəti də Azərbaycanı dünya miqyasında ön sıralara çıxarır. Bizdə valyuta ehtiyatları dövlət xarici borcundan 4-5 dəfə çoxdur. Ölkəmizdə gedən iqtisadi və siyasi yüksəliş Xocalı rayon əhalisinin rifah halına birbaşa müsbət təsir edir.
     Ölkə başçısı bildirmişdir ki,  aqrar sahədə yeni aqroparkların yaradılması sürətlə gedir. Bu proses geniş vüsət almışdır. Bu günə qədər bizim təşəbbüsümüzlə və maliyyə dəstəyi ilə 32 iri fermer təsərrüfatı yaradılmışdır. İndi 38 böyük aqropark yaradılır. Özəl sektor bizim təşəbbüsümüzə çox məsuliyyətlə yanaşdı. Tezliklə 38 aqroparkın yaradılması bizim ixrac potensialımızı böyük dərəcədə artıracaqdır. Biz pambıqçılığın şöhrətini bərpa etdik. Artıq pambıqçılıqla məşğul olmaq istəyənlərin sayı artır. Bu, pambıqçılıq rayonlarında işsizliyi demək olar ki, tamamilə aradan qaldırmaq üçün yaxşı şərait yaradır. Əgər 2015-ci ildə 35 min ton pambıq tədarük edilmişdirsə, keçən il bu rəqəm təxminən 90 min tona çatıbdır. Keçən il 51 min hektarda pambıq əkilmişdirsə, bu il 136 min hektarda pambıq əkilibdir. Biz əkin sahələrini təqribən 3 dəfə artırmışıq. Əgər biz orta məhsuldarlığı 20 sentner götürsək, bu il 260-270 min ton pambıq gözlənilə bilər. Yəni, bu, çox da ola bilər, az da. Bu, artıq hava şəraitindən və o cümlədən texniki xidmətdən asılıdır. Amma hər halda biz artıq pambıqçılıqda çox ciddi dönüş yarada bildik. Pambıq gözəl ixrac məhsuludur, dünya birjalarında satılır, eyni zamanda, Mingəçevir Yüngül Sənaye Parkının fəaliyyəti üçün də resurs bazasıdır. Biz əlbəttə, çalışacağıq ki, hazır məhsulu ixrac edək. İyirmidən çox rayonda pambıq becərilir. Bir daha qeyd etməliyəm ki, həmin rayonlarda bizim üçün ənənəvi olan bu sahəyə çox böyük maraq var. Bizim bu təşəbbüsümüz çox yüksək qiymətləndirilir. Biz keçən ildən baramaçılıqla çox ciddi məşğul olmağa başlamışıq. Biz əvvəlki illərdə bu sahəni demək olar ki, itirmişdik. 2015-ci ildə cəmi 200 kiloqramdan bir qədər çox barama tədarük edilmişdi. Bu sahənin itirilməsi çox böyük problemlər yaratdı. Həm Şəki İpək Kombinatı demək olar ki, fəaliyyətini dayandırdı, - orada yüzlərlə insan işləyirdi, - həm də kəndlərdə yaşayan, baramaçılıqla məşğul olan kəndlilər bu imkanlardan məhrum oldular. Biz keçən il bu sahədə operativ qaydada ciddi dönüş yarada bildik. Lazımi materialları idxal etdik, tinglər gətirdik. Keçən il 70 ton barama tədarük edilmişdir. 200 kiloqram hara, 70 ton hara? Bu proses davam etdirilir. Mənə verilən məlumata görə, bu il 244 ton yaş barama tədarük edildi. Yəni, keçən ilə nisbətən 3 - 4 dəfə artım var. Otuz rayonda baramaçılıq inkişaf edir və 739 kənddə insanlar baramaçılıqla məşğul olurlar. Yəni, bu sahə çox gəlirli sahədir, o qədər də böyük zəhmət tələb edən sahə deyil. Qısa müddət ərzində insanlar yaxşı pul qazanırlar və yerində də pulunu alırlar. Ona görə, baramaçılığın inkişafına verdiyimiz təkan əminəm ki, çox böyük nəticəyə gətirib çıxaracaq. Bizim təbii şəraitimiz elədir ki, ölkəmizin əksər yerlərində baramaçılığın yaxşı perspektivləri var. Dövlət öz dəstəyini bundan sonra da göstərəcək. Bu il mənim Sərəncamımla Prezidentin ehtiyat fondundan 4,5 milyon manat vəsait ayrıldı. Bu vəsaitlə ilin sonuna qədər Qax Barama Damazlıq Mərkəzi yaradılacaqdır. Vaxtilə Qaxda belə mərkəz olubdur. İndi o, yararsız vəziyyətə düşüb, həm dağılıb, həm də orada heç bir avadanlıq yoxdur. İndi ən müasir damazlıq mərkəzi yaradılacaq ki, biz lazım olan o materiallardan da, onların idxalından da asılılığı aradan götürək. Şəki ipək kombinatı indi daha böyük həcmlə işləyir. Elə etməliyik ki, Şəki ipək kombinatı tam gücü ilə və ilboyu işləsin. Əkilən tut tingləri və apardığımız siyasət əminəm ki, yaxın gələcəkdə ona gətirib çıxaracaq ki, Azərbaycanda 1000 tondan çox barama tədarük ediləcək. Yenə də deyirəm, bunun çox böyük perspektivləri var. Mən indi rəqəm səsləndirmək istəmirəm. Hər halda dövlət öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi. Bununla bərabər, biz demək olar ki, təqribən böyük hissəsi itirilmiş tütünçülüyü də bərpa edirik. On üç rayonda tütünçülüklə məşğul olurlar. Keçən ilə nisbətən tütünçülük üçün nəzərdə tutulan əkin sahələri 35 faiz artıb. İndi 3200 hektarda tütün becərilir. Bu sahə daha da geniş ola bilər. Çünki tütünçülüklə məşğul olan bu 13 rayonda kifayət qədər böyük torpaq sahələri var. Tütünçülük də çox gəlirli sahədir. Dövlət yenə də öz dəstəyini göstərir, subsidiyalar verilir. Eyni zamanda, tütünün ixracı ilə bağlı dövlət öz imkanlarını ortaya qoyur. Mən əvvəllər də demişəm, biz, əlbəttə, tütünü ixrac etməliyik. Ancaq hazır məhsulu ixrac etsək daha yaxşı olar. Bu məqsədlə işlər gedir. İndi yeni tütün fabriklərinin yaradılması istiqamətində addımlar atılır. Ümid edirəm ki, bu addımlar uğurlu olacaqdır və biz hazır məhsulu dünya bazarlarına çıxaracağıq.
     Çayçılığın bərpası istiqamətində işlər gedir. Düzdür, Azərbaycan çayı bu gün xarici ölkələrdə tanınır. Biz çayı ixrac edirik. Ancaq onu da bilməliyik ki, biz xammalı da idxal edirik. Ona görə, yeni çay plantasiyalarının salınması və müasir texnologiyaların gətirilməsi nəticəsində biz daxili xammal hesabına daha çox çay istehsal edə biləcəyik. Yeni texnologiyalar məhsuldarlığı bir neçə dəfə artıra bilər. Bu sahəyə də cənub zonasında çox böyük maraq var. Eyni zamanda, cənub zonasında hazırda çəltikçilik də çox geniş vüsət alır. Buna da çox böyük maraq var. Dövlət xüsusi texnika alıbdır. Çünki çəltikçilik çox böyük əziyyət, zəhmət tələb edən bir sahədir. Fermerlərin işini yüngülləşdirmək üçün müasir texnika alınıb gətirilibdir ki, çəltikçilik sahəsi əziyyətsiz inkişaf etsin.
       Burada artıq zeytunçuluqla bağlı məlumat verildi. Biz keçən il 300 ton zeytun ixrac etmişik. Ancaq zeytun ixracı, əlbəttə ki, 50 milyon dollar səviyyəsində ola bilər. Bizim təbii iqlimimiz, şəraitimiz və ənənələr buna imkan verir. Sadəcə olaraq işlər düzgün qurulmalıdır və qurulur. Əgər ehtiyac olarsa yeni zeytun emalı fabrikləri yaradılmalıdır. Biz ən yüksək keyfiyyətli məhsulları dünyanın aparıcı ölkələrinin bazarlarına çıxarmalıyıq.
       Mən əvvəlki çıxışlarımda qeyd etmişdim ki, kənd təsərrüfatı məhsullarının arasında bizə ən çox gəlir gətirən sahə fındıqçılıqdır. Bizim hazırda fındıq bağlarımızın sahəsi təqribən 30 min hektardır, bəlkə də bir qədər çox. Qarşıya vəzifə qoyulub ki, əlavə 40 min hektarda fındıq bağları salınsın. Bu proses gedir və bu 40 minin 18 mini artıq əkilib. Əlbəttə ki, bu bağlar bir neçə ildən sonra məhsul verəcək. Ancaq bu bağlar məhsul verəndən sonra biz fındıq istehsalını iki dəfədən çox artıra bilərik. Əgər hazırda fermerlər 100 milyon dollar həcmində fındıq ixrac edirlərsə, bu, iki dəfədən çox artacaq, həm fermerlərə, həm də dövlətə xeyir gətirəcək.
         Ən gəlirli sahələrdən biri də kartofçuluqdur. Bu sahəyə də maraq böyükdür. Əfsuslar olsun ki, biz hələ böyük ixrac potensialına malik deyilik, bu, mövsümdən-mövsümə dəyişir. Statistik göstəricilərə diqqət yetirəndə görürəm ki, biz bəzi illərdə öz tələbatımızı ödəyə bilmirik. Bəzi illərdə isə başabaş çıxırıq. Ona görə kartofçuluğun da inkişafı prioritet olmalıdır. Çünki kənd təsərrüfatı məhsulları arasında ən çox gəlir gətirən sahələrdən biri də kartofçuluqdur. Bu sahəyə də xüsusi diqqət göstərilməlidir.
      Heyvandarlığın inkişafı bizə imkan verəcək ki, özümüzü süd məhsulları ilə, ətlə tam təmin edək. Biz o rəqəmlərə yaxınlaşırıq. Ancaq heyvandarlığın müasir texnologiyalar əsasında, iribuynuzlu mal-qaranın qapalı şəraitdə yetişdirilməsi həm torpaqlara qənaət edəcək, həm də ki, nəticələr daha yaxşı olacaq. Əlbəttə, cins mal-qaranın alınması və eyni zamanda, süni mayalanma mərkəzinin yaradılması burada dönüşə gətirib çıxaracaq. Heyvandarlıq iki faizdən çox artıb. Onu da deyim ki, yaradılan 38 aqroparkın içində, o cümlədən heyvandarlıq kompleksləri də var. Ümid edirəm ki, onların fəaliyyəti nəticəsində kəskin artım olacaq.
       Bir müddət əvvəl verdiyim tapşırıq isə soya ilə bağlıdır. Əvvəlki illərdə Azərbaycanda soya əkilmirdi. Biz soyanı idxal edirik. Hər il buna 10 milyonlarla dollar pul xərcləyirik. Ona görə, soya əkilməsi ilə bağlı göstəriş vermişdim və bu il biz artıq bunun nəticəsini görürük. On doqquz rayonda 9300 hektarda soya əkilib. Bu, hələ ki, tələbatımızı tam ödəməsə də, xarici valyutaya böyük dərəcədə qənaət edəcəyik. Çalışmalıyıq ki, soya üçün nəzərdə tutulmuş əkin sahələrini getdikcə genişləndirək. Eyni zamanda, 500 hektar badam bağlarının salınması nəzərdə tutulur. Nəzərə alsaq ki, bizdə cəmi 1000 hektar badam bağları var, onların da 900 hektarı Naxçıvan Muxtar Respublikasındadır, beş yüz hektar birinci mərhələdə yaxşı göstəricidir. Badam emalı zavodunun tikintisi də nəzərdə tutulmalıdır. Mən bu tapşırığı da verirəm. Taxılçılıqla bağlı məsələlər daim gündəlikdədir. Mənim göstərişimlə Prezident Administrasiyasında xüsusi müşavirə keçirilmişdir, məsələlər təhlil edilmişdir. Biz gərək bu sahədə daha da yaxşı nəticələr əldə edək ki, idxaldan asılılığı azaldaq və məhsuldarlığı artıraq.
     Qeyri neft-sektorunun inkişaf etdirilməsi dövlətimizin qarşısında duran əsas məsələlərdən biridir. Cənab Prezident İlham Əliyev vurğulamışdır ki,  qeyri-neft sektorunun ixracının artırılması istiqamətində işlər gedir, artım yaxşıdır, 27 faiz təşkil edib. Biz ixracın coğrafiyasını da genişləndirməliyik. Ənənəvi bazarlar var. Biz o bazarlarda varıq, mövqelərimizi daha da gücləndirməliyik, yeni bazarlara da çıxmalıyıq. Bu istiqamətdə də görülən işlər artıq nəticə verir. Biz indi bir neçə Körfəz ölkəsinə öz kənd təsərrüfatı və emal məhsullarımızı ixrac etməyə başlamışıq. Bunu genişləndirmək lazımdır. Körfəz ölkələrinin bazarı kifayət qədər böyükdür və məsafə baxımından yaxındır. Ona görə, ilkin layihələr başlayıb. Biz artıq məhsul ixracına başlamışıq. Bunu daha da genişləndirməliyik. Dövlət qurumları, İqtisadiyyat Nazirliyi sahibkarlara öz köməyini göstərir. Biz artıq Asiya ölkələrinin bazarlarına çıxırıq və çalışmalıyıq ki, Avropa İttifaqı ölkələrinin bazarlarına da çıxaq. Mənim demək olar ki, bütün xarici səfərlərim çərçivəsində və xarici həmkarlarım Bakıda olanda bu məsələni qaldırıram, siyahını onların qarşısına qoyub deyirəm ki, biz bu məhsulları ixrac edə bilərik, siz də bunları alırsınız, gəlin bizdən alın. Biz də sizin ixrac etdiyiniz məhsulları alaq. Ona görə, indi biz bütün görüşlərə bu siyahı ilə gedirik və bunun gözəl nəticələri var. Avropa ölkələrində, Körfəz ölkələrində, Asiya ölkələrində bizim məhsullara maraq var, sadəcə olaraq, bu günə qədər onlarda məlumat yox idi. “Azexport” portalının yaradılması da bu istiqamətdə atılan çox ciddi bir addımdır. İndi portala bütün dünyadan sifarişlər gəlir. Amma əvvəllər heç kim bilmirdi ki, biz nə istehsal edirik. İndi bilirlər, müraciət edirlər, elektron qaydada müqavilələr bağlanır. Yəni, bu, böyük bir hadisədir və belə addımların atılması görün sahibkarların işini nə qədər yüngülləşdirir. Bütün əsas bazarlar olan ölkələrə indi dövlət və özəl sektorun nümayəndələrindən ibarət ticarət missiyaları göndərilir. Biz öz məhsullarımızı xaricə ixrac etməliyik.
        Ölkə başçısı turizmin inkişaf etdirilməsi istiqamətində görülən işləri nəzərə çatdırmışdır. Cənab Prezident qeyd etmişdir ki, bu il turizmin inkişafı da bizi sevindirir. Turistlərin sayı 25 faiz artıbdır. Əlbəttə ki, bunun səbəbləri bəllidir. Azərbaycanı daha çox tanıyırlar. Azərbaycan dünyada təhlükəsiz, sabit ölkə kimi tanınır. Ölkəmizdə keçirilən beynəlxalq yarışlar, tədbirlər əlbəttə ki, marağı artırır. Xüsusilə o yarışlar arasında mən Formula-1 yarışını qeyd etməliyəm. Bu yarışın auditoriyası dünya miqyasında 500 milyon insandır. Beş yüz milyon insan Bakını, şəhərimizin gözəlliyini görür. Bakıda o yarışlarda iştirak edən idmançılar, nümayəndə heyətinin üzvləri, qonaqlar əlbəttə ki, qayıdandan sonra xoş təəssüratlarını öz dostları ilə bölüşürlər. Ona görə, turist axını daha da böyük olacaq. Biz buna hazır olmalıyıq. Xüsusilə Bakıda və bölgələrdə yeni otellərin tikilməsinə böyük ehtiyac var. Mən sahibkarlara məsləhət görərdim ki, bu sahəyə investisiya qoysunlar. Çünki bu, gəlirli sahədir və yaxşı nəticə verəcək.
         Cənab Şahmar Usubov qeyd etdi ki, aqrar sahənin inkişafı üçün rayonumuzda işlər aparılır. Baramaçılığın inkişafı üçün tut ağacı tingləri əkilmişdir.  Həmçinin rayonumuzun başçısı cari ilin birinci yarısında görülən işlərə münasibət bildirərək dedi ki, o dövlət güclüdür ki, ərzaqa olan təlabatını özü hazırlayır. Xocalıların məskunlaşdığı qəsəbələrin ətrafında açılan iş yerlərində sakinlərimiz çalışırlar. Məcburi köçkünlər hər zaman dövlətin və ölkə prezidentinin diqqət və qayğısı əhatəsindədir. Biz doğma torpaqlarımıza qayıtmağı və orada öz təsərrüfatımızla məşğul olmağı istəyirik. İnanırıq ki, işğal olunmuş torpaqlarımızı tezliklə düşmən tapdağından azad edəcəyik. Ölkə iqtisadiyyatı artdıqca xalqımızın rifah halı da yüksəlir. Bir rayon başçısı kimi Cənab Prezidentimiz İlham Əliyevin gördüyü işləri qənaətbəxş sayıram.
      Gündəlikdə duran birinci məsələ haqqında Xocalı rayon Məşğulluq Mərkəzinin direktoru Nicat Ələsgərov məruzə ilə çıxış edərək rayonumuzun başçısı cənab Şahmar Usubovun sərəncamı əsasında  yaradılmış komissiyanın iştirakı ilə hazırlanan Ərazi Məşğulluq Proqramının icrası ilə əlaqədar gördüyü işlər haqqında məlumat verdi. Nicat Ələsgərov bildirdi ki, Mərkəzə 2016-cı ildə 198 nəfər, 2017-ci ilin ilk 6 ayı ərzində isə 32 nəfər işaxtaran müraciət etmişdir və qeydiyyata alınmışdır. Prezident Cənab İlham Əliyevin tapşırığı ilə ötən ilin fevral ayında yaradılmış iş yerləri və hər ay idarə, müəssisə və təşkilatlardan daxil olan boş (vakant) iş yerlərinə 31 nəfər işaxtaran göndərilmişdir və daimi işlə təmin olunmuşdur. 2017-ci ilin 6 ayı ərzində isə 5 nəfər daimi işlə təmin olunmuşdur. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Əhalinin Özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamının  həyata keçirilməsi məqsədilə tələb olunan şərtlər əsasında rayon əhalisi arasından iştirakçıları müəyyənləşdirmək üçün yüzdən çox ailənin təsərrüfatına baxış keçirilmişdir. Bu ailələr içərisindən daha çox ehtiyacı olanlardan 9 nəfəri seçilərək təlimlərə cəlb olunmuşdur. Onlardan 6 nəfərinin biznes planı Beynəlxalq Əmək Təşkilatının və Dövlət Məşğulluq Xidmətinin nümayəndələrindən təşkil edilmiş komissiya tərəfindən müsbət qiymətləndirilmişdir. Həmin şəxslərin biznes planlarına uyğun olaraq 3 nəfərin hər birinə 1 baş yanıbalalı inək, 1 baş boğaz düyə, 1 baş düyə, 2 nəfərin hər birinə kökəltmə üçün 4 baş dana, 1 nəfərinə isə 18 baş yanıbalalı qoyun verilmişdir. Bu təsərüfatlar bir il sınaq müddəti olmaqla vətəndaşların istifadəsinə verilmişdir. Özlərini doğrultduqları təqdirdə 1 ildən sonra onların şəxsi mülküyyətinə veriləcəkdir. Həmin ailələr onlar üçün yaradılmış bu imkanı yüksək qiymətləndirərək ölkə başçısına öz minnətdarlıqlarını bildirirlər.
        Cənab başçı, sizin tapşırığınız əsasında yaradılmış işçi qrup tərəfindən həmin ailələr diqqət mərkəzində saxlanılır. Həm bizim, həm də Baytarlıq İdarəsi tərəfindən həmin təsərrüfatlara müntəzəm olaraq baxış keçirilir və lazım olan köməkliklər göstərilir. Həmin şəxslərlə təşkil edilmiş dəyirmi masada dövlət əmlakının qorunması və ona vurulan ziyanın qiymətləndirilməsi baxımından hüquqi məsləhətlər verilməsində göstərdiyi köməkliyə görə rayon Polis Şöbəsinin rəhbərliyinə də öz minnətdarlığımı bildirirəm.
         Cənab Prezidentin qarşıya qoyduğu məqsəd də ondan ibarətdir ki, insanlar ələ baxımlıqdan xilas olaraq, öz ailə bizneslərini qursunlar, öz işlərinin sahibi olsunlar. Hazırda işsiz və işaxtaran vətəndaşlar tərəfindən özünüməşğulluq proqramına böyük maraq olduğundan yeni qəbul olunan “İşsizlikdən sığorta haqqında qanunun”un tətbiqi bu proqramı gələcəkdə daha geniş miqyasda tətbiq etməyə imkan verəcək. Belə ki, bu qanun sayəsində hər il ölkə üzrə 10 minə qədər insan özünüməşğulluq proqramına cəlb olunacaq ki, bu da 5-6% səviyyəsində olan işsizliyi də aradan götürəcək və ünvanlı sosial yardıma ehtiyac qalmayacaq.
          Şahmar Usubov məruzəyə münasibət bildirdi və tapşırıqlar verdi.
       Xocalı rayon Cəmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramiz Qəhrəmanov çıxışında vurğuladı ki, ölkədə keçiriən bütün islahatların məqsədi sosialyönümlüdür, xalqın rifah halının artırılması üçün hesablanmışdır. Müharibə şəraitində yaşayan, bir milyondan artıq məcburi köçkünü olan bir ölkədə belə böyük inkişaf gedir. Cəmilli kəndində işləmək arzusunda olan hər kəs işlə təmin edilmişdir.
Qəsəbəmizə gələn suyun nizamlı verilməsi nəticəsində sakinlərin məşğulluğu artmışdır.
         Daha sonra Xocalı Su-Kanal idarəsinin rəisi Ramil Rüstəmov xocalıların məskunlaşdığı Aşağı Ağcakənd, Yuxarı Ağcakənd, Meşəli və Börü qəsəbəsində idarənin əhalini içməli su ilə təmin edilməsi istiqamətində fəaliyyətindən məruzə ilə çıxış etdi. Ramil Rüstəmov qeyd etdi ki, Xocalı rayon Sukanal idarəsində hal-hazırda 18 nəfər işçi çalışır. İdarə  990 abonentə xidmət göstərir. Ondan 35-i qeyri əhali, 995-i isə əhali abonentidir. Xidmət etdiyimiz ərazidə 10 ədəd su anbarı vardır. Ballıqayada mənbədən d 219 boru xətti ilə 90 metr uzunluğunda Aşağı Ağcakənd qəsəbə boru xəttinə (köhnə xəttə) əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə əlavə xətt qoşulmuşdur. Bundan başqa, Aşağı Ağcakənd, Yuxarı Ağcakənd, Meşəli və Börü qəsəbəsində boru xətlərində cari təmir və bərpa işləri aparılmışdır. Su anbarları ildə bir dəfə qrafikə uyğun olaraq yuyulub təmizlənərək istifadəyə verilir.
          Rayonumuzun başçısı abonentlərdən işlətdiyi suyun haqqının vaxtlı-vaxtında yığılması üçün yerlərdə nümayəndələrə rayon Sukanal idarəsinin işçilərinə köməklik göstərilməsini tapşırdı. 
        Sonra Xocalı rayon İH-nin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Bəxtiyar Allahverdiyev məruzə ilə çıxış etdi. Bəxtiyar Allahverdiyev məlumat verdi ki, rayonumuzun əkin sahələrinin vaxtlı - vaxtında suvarma suyu ilə təmin edilməsi, artıq suların sahələrdən kənarlaşdırılması, meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkil edilməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə tədbirlərinin davam etdirilməsi və bu sahədə gələcək inkişafın təmin edilməsi, əhalinin içməli suya olan tələbatının ödənilməsi sahəsində ötən illərdə olduğu kimi, 2017-ci ildə də bəzi tədbirlər işlənib həyata keçirilmişdir və keçirilməyə davam edəcəkdir. Rayonumuzun ərazisi erməni silahlı birləşmələri ilə sərhədyanı ərazidə yerləşdiyindən əraziyə gələn suyun əhali üçün zərərli maddələr ilə hər an çirklənmə təhlükəsi olduğundan suyun tərkibinin analiz edilməsi və əhaliyə təmiz suyun verilməsi üçün tərəfimizdən rayon Sukanal idarəsinə müvafiq tapşırıqlar verilmişdir. İlin bütün fəsillərində, xüsusilə də yay aylarında əhalinin içməli suya olan tələbatının ödənilməsi, həyətyanı sahələrin suvarılması məqsədilə istismar müddəti bitmiş köhnə su sistemlərinin bir hissəsi təmir edilmiş, təmirə yararsız olanlar isə yenisi ilə əvəzləndirilmişdir. Su anbarlarının təmizlənməsinə daim nəzarət olunur.
           Sonda rayonumuzun başçısı cənab Şahmar Usubov rayonun idarə, müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verdi və hesabat iclası yekunlaşdı.

Keçidlər