Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı rayon İcra Hakimiyyəti başçısı yanında növbəti geniş Şura iclası keçirildi.

27 avqust 2019 | 16:00

27 avqust 2019-cu il tarixdə Xocalı rayon İcra Hakimiyyəti başçısı yanında növbəti geniş Şura iclası keçirildi. Şura iclasında rayonumuzun icra başçısı Şahmar Usubov, Şura üzvləri, idarə, müəssiə rəhbərləri, rayonumuzun ziyalıları və yüksək ballarla tələbə adını qazanan məzunlar iştirak etdilər.
     Şura iclasını Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırdı. Şura iclasında 2018-2019-cu  dərs  ilinin sonunda Xocalı rayonunun  təhsil  müəssisələri üzrə IX və XI sinif şagirdlərinin buraxılış və qəbul imtahanlarındakı göstəriciləri, çağırışçıların hərbi xidmətə yola salınması, hərbi xidməti başa vurub qayıdanların qarşılanmasının təşkil edilməsinin vəziyyəti və "Xocalının səsi" qəzetinin fəaliyyəti gündəlikdə duran məsələlər idi.
     Xocalı Rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev ümumtəhsil məktəblərində keçirilən test imtahanlarının vəziyyəti haqqında məruzə ilə çıxış etdi. Şakir Əliyev bildirdi ki, Xocalı rayonu üzrə 125 nəfər XI sinif  şagirdlərindən 99 nəfəri  qəbul üçün sənəd vermiş, 54 nəfəri ali məktəblərə, 20 isə nəfəri orta  ixtisas məktəblərinə qəbul olmuşlar. IX siniflər  üzrə 7 nəfər orta ixtisas məktəblərinə sənəd vermiş, onlardan 1 nəfəri Yaloba kənd tam orta  məktəbinin şagirdi Cəmşid Naxçıvaniski adına hərbi litseyə, 6 nəfəri isə digər orta ixtisas məktəblərinə qəbul olmuşdur.
     Məruzə ətrafında Xocalı rayon Yaloba kənd tam orta məktəbin direktoru İslam Bayramov, Xocalı şəhər 4 saylı tam orta məktəbin tədris işləri üzrə direktor müavini Vüsal Mustafayev, Xocalı şəhər 2 saylı tam orta məktəbin müəllimi Fərhad Gülməmmədov çıxış edərək çalışdıqları məktəblərin fəaliyyətindən və uğurlarından danışdılar.
     2018-ci ildə 600-dən yuxarı ballarla ali məktəbə qəbul olan Xocalı şəhər 4 saylı tam orta məktəbin məzunları, Tibb Universitetinin tələbəsi Nərmin Həsənova və Bakı Dövlət Universitetinin tələbəsi Ümid Bəhrəmli çıxış edərək təhsilimizə olan diqqət və qayğıdan danışdılar.
     2018-2019-cu tədris ilinin yekununda 500 balla ali məktəbə qəbul olan Xocalı şəhər 2 saylı tam orta məktəbin məzunu Ləman Həsənova onun müvəffəqiyyət qazanmasında əziyyəti olan insanlara - valideynlərinə, ibtidai sinif müəlliminə, məktəb rəhbərliyinə, təhsil şöbəsinin əməkdaşlarına və rayonumuzun təhsilinə daim diqqət və qayğı göstərən rayonumuzun icra başçısı Şahmar Usubova minnətdarlığını bildirdi.
     592 balla Bakı Dövlət Universitetinin Müalicə işi fakültəsinə qəbul olan Yaloba kənd tam orta məktəbin məzunu Ağayev Vaqifin babası, Xocalı rayon ziyalısı, uzun müddət Xocalı rayon İcra Hakimiyyətində məsul vəzifələrdə çalışmış Vaqif Ağayev nəvəsinin ali məktəbə qəbul olması sevincini paylaşdı. Xocalı rayon təhsilinin nailiyyətlərinin rayonumuzun icra başçısı Şahmar Usubovun diqqət və qayğısı nəticəsində əldə edildiyini vurğuladı. 
     Sonra yüksək ballarla ali məktəbə qəbul olan məzunlarımız Xocalı rayon İcra Hakimiyyəti başçısı və Xocalı rayon Təhsil Şöbəsinin müdiri tərəfindən Fəxri Fərman və hədiyyələrlə təltif olundular.
     Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatı Gənclər Birliyinin sədri Əlağa Ağayev ölkəmizdə aparılan gənclər siyasətindən danışdı. Bildirdi ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına da olduqca müsbət təsir göstərir. Təhsil sahəsində aparılan islahatlar da gənclər siyasətinin ən vacib istiqamətlərindən biridir.
     Şahmar Usubov rayon təhsil şöbəsinin müdirinin məruzəsinə münasibət bildirdi. İşlərində səhlənkarlıq edən məktəb direktorlarına məsuliyyətlə çalışmalarını tapşırdı.
     Daha sonra rayounumuzun icra başçısı Şahmar Usubov məruzə ilə çıxışında Ümummilli lider Heydər Əliyevin təhsilimizin inkişafına verdiyi önəmdan danışdı. Şahmar Usubov bildirdi ki, Ulu öndər Heydər Əliyev müstəqillik illərində də elm və təhsilin inkişafını diqqətdən kənarda qoymamış, o cümlədən elm-təhsil problemlərinə kompleks şəkildə yanaşmışdır. Dahi şəxsiyyətin bu mühüm, taleyüklü sahədəki müdrik siyasəti onun ən layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən yeni dövrün reallıqlarına uyğun olaraq davam və inkişaf etdirilir.
     Gündəlikdə duran ikinci məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin rəisi Bəxtiyar Məmmədov məruzə ilə çıxış elədi. O, qeyd etdi ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsi qarşıya qoyulan vəzifə və öhdəlikləri layiqincə yerinə yetirməyə çalışır.
     Xocalı rayon İcra Hakimiyyətinin mətbu orqanı olan "Xocalının səsi" qəzetinin redaktoru Qalib Quliyev qəzetin uğurlu fəaliyyətindən danışdı. Qalib Quliyev bildirdi ki, cari ildə KİVDF-nin təşkil etdiyi müsabiqələrin 3-də iştirak etməyimiz və 2 dəfə III yerə layiq görülməyimiz "Xocalının səsi" qəzetinin Respublikanın fəal mətbu orqanlarından biri olduğunun bariz nümunəsidir. Bu gün qəzetimiz 8 səhifədən ibarət olmaqla, 500-600 sayla nəşr edilir.
     Məruzə ətrafı çıxışlarda Xocalı rayon Gənclər və İdman İdarəsinin rəisi Elməddin Bağırov, Xoclı şəhər 5 saylı tam orta məktəbin direktoru Mətanət Zamanova çıxış edərək "Xocalının səsi" qəzetinin fəaliyyətinə uğurlar arzuladılar. Gənclərimizin idman, təhsil və digər sahələrdə qazandığı nailiyyətlərin mütəmadi olaraq rayonumuzun qəzetində işıqlandırıldığını dedilər.
     Məruzəyə münasibət bildirən Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov "Xocalının səsi" qəzetinin çap keyfiyyətində, tərtibatında, mövzularında dəyişikliklərin nəzərə çarpdığını qeyd etdi. Rayon qəzetinə abunə olmağın hər kəsin mənəvi borcu olduğunu vurğuladı. Redaktor Qalib Quliyevin ictimai fəaliyyətini, qəzetə idarəçilik qabiliyyətini müsbət qiymətləndirdi.

Keçidlər