Şriftin ölçüsü :

Saytın rəngi :

XXl əsrdə Azərbaycan xalqı qəhrəmanlıq dastanını davam etdirir

02 avqust 2020 | 16:00

Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən 4 il ötdü. Dörd gün davam edən bu döyüşlər Azərbaycan və bölgədə maraqları olan dövlətlər üçün çox ciddi mesajlar verdi. Bu döyüşlər Ermənistan silahlılarının atəşkəsi pozması nəticəsində baş vermişdir. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olmuşdur. Döyüş vaxtı Azərbaycan Ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirdi, 2000 hektardan artıq ərazini işğalçılardan təmizlədi. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam azad edildi. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələtəpə" adlandırılan yüksəkliyə Azərbaycan Ordusu dövlət bayrağını sancdı. Bu döyüşlər nəticəsində  320 erməni hərbçisi məhv edildi, 500 - dən artığı isə yaralandı. Ötən müddət ərzində işğaldan azad olunan ərazilərdə, o cümlədən Aprel qələbəsi ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir-bərpa işləri aparıldı, yeni qəsəbə salındı, ata-baba yurdlarından didərgin salınan insanlar geri döndülər. Əslində, bu döyüşlər Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətində olduğunu sübuta yetirdi. Eyni zamanda Aprel döyüşləri Azərbaycan xalqının erməni işğalı altında olan torpaqlarının hərbi yolla azad edilməsinə daha çox inandığını sübuta yetirdi.         
     Düşmənin növbəti məğlubiyyəti Günnüt əməliyyatında oldu. 2018-ci ilin may ayında Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı 11 min hektar ərazi düşməndən azad edilərək dövlət sərhəddi boyunca əlverişli hədlər ələ keçirdi. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri quruldu. Nəhayət, 26 ildən sonra burada başlanan həyatın nəfəsi duyuldu, yaz fəslində çiçəklərin ətri duyulan kimi. İşğaldan azad edilən yüksəkliklərə yollar çəkildi. Bu tədbirlər düşmənin bir neçə addımlığında həyata keçirildi. Necə deyərlər, düşmənin bağrı bir daha çatladı. Ərazidəki postlardan birinə “Qurtuluş “adı verildi. Nə gözəl! Qalib əsgərlərlə birgə Günnütdə Bayrağımız dalğalandırıldı, qələbə sevincimiz bizi ruhlandırdı. Qaldı ki, Günnüt zəfərini qəbul edə bilməyən, düşmən dəyirmanına su tökənlərə. Sosial şəbəkələrdə bu məsələ xeyli müzakirə obyektinə çevrildi. O qayaları, o səngərləri özünə məskən seçən əsgərlər - igidlər səni, məni, bizi-bu Vətəni qoruyur, məğrurcasına, şərəflə. Əsgərin alın təri, ürəyinin hərarəti, qolunun gücü, əzmi ilə alınıb o torpaqlar! O əzmin, o iradənin, o Vətən sevgisinin qarşısında baş əyirəm! Azərbaycanlı adını daşıyan hər kəs qürur duysun və bilsin ki, biz artıq qələbəyə gedən yoldayıq. Bu yolda addımlamağa bizə cığır açan, meydan verən Azərbaycan Ordusuna eşq olsun!   
     Ermənilərin növbəti təxribatından sonra - Tovuz hadisələrində işğalçı dövlətin acizliyi, mənfur xisləti bütün dünyaya bir daha aşkar oldu. İyulun 12-si günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonu istiqamətindəki Azərbaycan mövqelərini ələ keçirmək məqsədilə artilleriyadan istifadə edərək hücum cəhdi göstərib. Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib. Və o, çoxlu sayda itki verərək geri otuzdurulub. Təbii ki, Azərbaycanın sayıq hərbçiləri müqəddəs sərhədlərimizi göz-bəbəyi kimi qoruyurdular və düşmənə layiq olduqları cavabı verərək onların məkrli planlarını alt-üst etdilər. Hər şeydən əvvəl məkrli düşmənin hiylə və yalanları dünya ictimaiyyəti, güclü dövlətlər qarşısında anındaca ifşa edildi. Ali Baş Komandanın iradəsi altında bu məsul vəzifənin öhdəsindən layiqincə yüksək səviyyədə gələ bildik. Bir çox dövlətlərin bu ağır günlərdə Azərbaycan xalqının, dövlətinin yanında yer alması faktı bunun parlaq göstəricisi kimi nəzərdən keçirilə bilər.       
     Bu gün Azərbaycan xalqı ayaqdadır, hamı döyüşmək, işğal altında qalan torpaqlarımızı azad etmək üçün ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmişdir. Ehtiyac olmasa belə, yüz minlərlə soydaşımız, hətta qadınlarımız, 70-80 yaşlı ahıl soydaşlarımız döyüşçülərə köməyə getmək istədiyini bildirir. Düşmənə qarşı nifrət, axıdılan nahaqq qanların qisasının alınması üçün hamıda döyüşkənlik əhval-ruhiyyəsi hakim kəsilib. Düşmənlərimiz görürlər ki, hətta bizim generallarımız və orta çinli zabitlərimiz öz əsgərləri ilə bərabər vuruşur, onları ruhlandırır, şəxsi nümunə göstərirlər.
     General - mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov, Anar Novruzov və başqaları Azərbaycan xalqının yaddaşında əbədi olaraq yaşayacaqlar. Onlar döyüş meydanında mərdliklə həlak oldular, amma döyüşçülərimiz üçün, gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi qoyub getdilər.
     Əlbəttə, hər bir insanın bir qardaşa, yaxşı bir dosta ehtiyacı var. Hələ ki, o qardaş sənə ən dar məqamlarda kömək edə, sənə arxa - dayaq ola. Hər zamankı kimi bu dəfə də Türkiyə öz dostluğunu, qardaşlığını Azərbaycandan əsirgəmədi. Türkiyənin paytaxtı Ankarada “Bir millət, iki dövlətik. Azərbaycan - Türkiyə ordusunun əsgəriyik” şüarı ilə aksiya keçirilib. Aksiyaya Keçiören Bələdiyyəsinin üzvləri, Türkiyə - Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun nümayəndələri, Ankarada yaşayan azərbaycanlılar və yerli ictimaiyyət təmsilçiləri qatılıb. Təbii ki, istənilən məsələdə olduğu kimi bu məsələdə də Türkiyə Azərbaycanı qeyd-şərtsiz dəstəkləyir. Türkiyə sadəcə Azərbaycanı yox, eyni zamanda beynəlxalq hüququ, ədaləti dəstəkləyir. Çünki Azərbaycanın ədalətli mövqeyi BMT TŞ - nın dörd müvafiq qətnaməsi və digər beynəlxalq sənədlərlə də  dəstəklənir. Məhz buna görə də biz Türkiyənin həm qardaş ölkə, həm də beynəlxalq hüquqa əsaslanıb siyasət yeridən bir dövlət kimi alqışlayırıq.                   

Sevda Məmmədova,                          
Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Keçidlər