Şriftin ölçüsü :

Saytın rəngi :

İgid əmisinin şərəfli döyüş yolunu davam etdirən şəhidimiz

07 dekabr 2020 | 16:00

Vətən sevgisi mərd oğullarımızı qoynuna çağırdı, düşmən tapdağı altında qalan torpaqlarımızın hər qarışı uğrunda döyüşə səslədi. Bunun üçün ilk öncə düşmənin 30 il ərzində qurduğu mühəndis-istehkamlarını aşıb keçmək lazım idi. Düşmənin sığındığı çaqqal yuvalarını dağıtmaq üçün igid hərbçilərimiz qorxmadan döyüşlərə atıldılar. Böyük Zəfərə yol açan hərbçilərimizdən biri də Xəqani Nəsirov olmuşdur.
     Xəqani Kamran oğlu 1982-ci ilin iyun ayının 29-da Xankəndi şəhərində anadan olub. 1988-ci ildə Xocalıya köç edən Nəsirovlar ailəsi fin evlərdə məskunlaşıblar. Ailədə 4 qardaş olublar. Xocalı soyqırımı zamanı Xəqaninin yaxın qohumları şəhid olub, itkin düşüblər. Soyqırım günü atasının xalası oğlu Yaşar şəhid olub, atasının dayısı oğlu Azər isə itkin düşüb. Əmisi Nəsirov Ramiz Kamal oğlu I Qarabağ Müharibəsinin fəal iştirakçılarından biridir. Cəsur kəşfiyyatçının igidliyi, döyüş şücaətləri nəzərə alınaraq 25 fevral 1997-ci ildə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin fərmanı ilə “İgidliyə görə” medalı ilə təltif olunub. Xocalı qətliamı zamanı Xəqaninin əmisi Ramizin rus milliyətindən olan qayınatası Dmitri Butko və həyat yoldaşı Tatyana Dmitriyevna həlak olublar. Xocalıdan didərgin düşən ailə əvvəlcə Şirvanda, sonra Naftalanda, 2002-ci ildən isə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşıb.
     Xəqani Nəsirov 2000-ci ildə hərbi xidmətə getmişdir. 2003-cü ildə Dövlət Yanğından Mühafizə Hissəsinin Xocalı rayon bölməsində işə düzəlib. Lakin o, bu işdə darıxır, Vətənə olan borcunu ön cəbhədə xidmət aparmaqla yerinə yetirmək istəyirdi. Xəqani torpaqlarımızın işğalı ilə heç vaxt barışmırdı. Məhz buna görə 2014-cü ildə Xəqani Dövlət Yanğından Mühafizə hissəsinin Xocalı rayon bölməsindən işdən çıxaraq müddətdən artıq həqiqi hərbi xidmətə yazıldı. Seçdiyi peşədən zövq alan Xəqani tezliklə torpaqlarımızın azad edilməsi üçün döyüşlərin başlayacağını da bilirdi.
     Qardaşı Ceyhun şəhid qardaşı haqqında xatirələrini ürək ağrısı, eyni zamanda fəxr və qürur hisləri ilə danışır. Xəqaninin vətənpərvərliyi ilə seçildiyini, deyib-gülən bir insan olduğunu, böyükdən-kiçiyə hər kəs onun xətrini çox istəyərdi deyir. Hamı onun haqqında xoş sözlər danışır.
     Xəqani idmana xüsusi həvəsi və bacarığı ilə daim fərqlənib. Dəfələrlə yüngül atletika, futbol və stolüstü tennis üzrə Xocalı rayon çempionu olub. Vətənpərvər gənc kimi cəmiyyətdə tanınıb. Vətənə bağlılığı, torpağa olan sevgisi onu hərb həyatına gətirdi. Xəqani kiçik yaşlarında olarkən erməni seperatçıları onun doğulduğu Xankəndi şəhərini, sonra pənah apardıqları Xocalı şəhərini işğal etdilər. Yaşadığı şəhərdə bəşər tarixində ən dəhşətli soyqırım aktlarından biri törədildi. Bütün bu yaşadıqları yeniyetmə Xəqaniyə təsir etmişdi. Doğma torpaqlarından didərgin düşmək, həmyerlilərinə qarşı törədilmiş soyqırım aktı onu daim narahat edirdi. Bir gün əlinə silah alıb düşmənlə döyüşmək, qisas almaq düşüncələri ilə yaşayırdı. Vətən Müharibəsinin başlanması ilə vətənpərvər gənclərimiz, cəsur həbçilərimiz qəhrəmancasına döyüşlərə atıldılar. 27 sentyabrda Xəqani Talış və Suvoquşan kəndlərinin alınmasında, düşmənin qurduğu istehkamların yarılmasında öz canını Vətənə sipər etdi. I Qarabağ müharibəsində çoxlu sayda erməni terrorçusunu məhv edən Ramiz əmisinin şərəfli döyüş yolundan nümunə götürən Xəqani mərmi yarası alsa da, düşməni torpaqlarımızdan çıxartmaq üçün son damla qanına qədər vuruşmağı qarşısına məqsəd qoymuşdu. Lakin pusquda dayanan xain düşmənin atdığı güllə onu boyun hissəsindən dəyərək döyüşlərinə son qoydu. Qorxmaz, cəsur döyüşçümüz torpaqlarımızın azad olunduğu xəbərini gətirən ilk müjdəçilərdən oldu.
Ailəli idi. Bir oğlu, bir qızı yadigar qalıb.
Bərdə şəhəri "Şəhidlər" Xiyabanında dəfn edilib.
Ruhu şad olsun!

Keçidlər